Əfqanıstanmı, “Nabucco”mu?

İstanbulda keçirilən "2010 Qara dəniz Enerji və İqtisadi Forumu" artıq arxada qalsa da forumla bağlı müzakirələr hələ də davam edir. SİA-nın məlumatına görə, Türkiyənin "Milliyet" qəzeti xarici mətbuatda "Nabucco" da digər boru xəttləri kimi ölümə müqavimət göstərir" başlıqlı yazıya söykənərək yenidən boru xətləri məsələsinə toxunub. Forumda iştirak edən ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morningstar bildirmişdi ki, müzakirələr zamanı Türkmənistanın "Cənub koridoru"nda iştirak edərək qazını Xəzər üzərindən daşıyacağı, yoxsa enerji ixracatını şaxələndirəcəyi məlum olacaq. Qəzet bu zaman Türkmənistan xarici işlər naziri Rəşid Meredovun "TAPI layihəsi (Türkmənistan, Əfqanıstan, Pakistan, Hindistan) Asiyadakı siyasi mühiti yaxşılaşdıracaq" sözlərini də xatırladıb.

 

"Nabucco" əvəzinə Asiya?

 

Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının toplantısı çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammədov R. Morningstar ilə görüşüb. Bu görüşdə Berdimuhammədovun "Nabucco"ya dəstək istəyən Morningstardan "Əfqanıstan-Pakistan" seçimi üçün dəstək istədiyi bildirilir. "Milliyet" yazır ki,təəccüb etməmək olmur: "Necə olur ki, hər gün onlarla adamın həyatını itirdiyi Əfqanıstan enerji koridoru olaraq önə çıxa bilər?". Qəzet həmçinin yazır ki, Morningstarın bu sözləri məsələyə son nöqtəni qoyur: "Şahdəniz II Konsorsiumu qazını Avropa bazarlarına daşımağa namizəd 3 qrupdan ITGI (İtalya-Yunanistan-Türkiye), TAPIN (Transanlantik xətti) və "Nabucco"dan biri ilə işləyəcəyinə qərar verəcək. Qəbul olunan qərardan sonra bu 3 konsorsiumdan yalnız biri ayaqda qalacaq".

 

Ermənistanın yalvarışları: "Regional əməkdaşlıqda kənara itələnilmiş vəziyyətdəyik"

 

"Nabucco"nun maliyyə və siyasi üstünlüklərini kimsənin müzakirə etmədiyini qeyd edən "Milliyet"in qənaətinə görə, tədarük mərhələsindəki problemlərin həlli yaxın görünmür. Forumun son günorta yeməyində "Ermənistan da burada olsaydı" ifadəsi səslənib. Qəzet o vaxta kimi heç kəsin yadında olmadığı, forumda iştirak etdiyinin fərqində olmadığı Ermənistan nümayəndəsinin ayağa qalxdığını və rus dilində danışdığını qeyd edib: "Regional əməkdaşlıqda kənara itələnilmiş vəziyyətdəyik. Bölgəmizdə etibarlı bir ortaq olmaq istəyirik. Yeni müasir 1000 meqavatlıq nüvə stansiyası qururuq. Nüvə gücümüz bölgənin ehtiyaclarına cavab verəcək. Enerji nəql edən xətlərimizə investisiyalar dəvət edirəm. ABŞ və AB ilə ortaqlıq qururuq. Gürcüstan, İran və Rusiya ilə də əməkdaşlıq edirik".

 

Boğazlarmı, nüvəmi?

 

"Ermənistanın nüvə gücü şərhi ilə Samsun-Ceyhana "qaz verməmə" meylini elan edən Rusiyanın rəftarı bir-birini tamamlayır". Bunu sözləri də "Milliyet" yazıb. Forumun açılış nitqində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Samsun-Ceyhan boru xəttinin boğazlar üçün əhəmiyyətinə toxunub. Foruma Rusiyadan tək bir səlahiyətlinin qatılmaması da diqqət çəkən məqamlardandır. Mersin-Akkuyu nüvə stansiya tenderini alan Rusiya Samsun-Ceyhana xəttinə qaz verməkdən imtina etsə, qarşılıqlı əlaqələrin də necə olacağı sual doğurur. Polşada da qazın tapılması vəziyyəti kökündən dəyişdirə biləcək amillərdəndir. Avropanın ehtiyacı olan təbii qazın 20 faizinin Polşa tərəfindən ödəniləcəyi bildirilir. Bu vəziyyətdə Rusiyanın da tutacağı mövqeyin necə olacağı maraqlıdır. Rusiyanın enerji oyunu içindəki ölkələrdən bir başqası olan Ukraynada hidrokarbon istehsalının və paylanılmasının milliləşdirilməsini nəzərdə tutan qərar layihəsinin parlamentə gətirilməsi müzakirə olunur. Ukraynanın enerji investisiyalarını ictimailəşdirməsini Rusiya necə qarşılayacaq?

Bütün xəbərlər Facebook səhifəmizdə