Çinin nümayəndə heyəti Penitensiar xidmətdə olub

Çinin nümayəndə heyəti Penitensiar xidmətdə olub

31.10.2017-ci il tarixdə Azərbaycanda səfərdə olan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Çin Xalq Respublikasındakı nümayəndəliyinin əməkdaşları Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qəbul ediliblər.

SİA-nın verdiyi məlumata görə, Çin Xalq Respublikasının Həbsxana idarəçiliyi departamentinin icraçı direktoru Jing Linin rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov ölkəmizin cəzaçəkmə müəssisələrində vərəmə nəzarət üzrə təcrübəsi ilə tanış olmaq məqsədi daşıyan görüşü təcrübə mübadiləsi baxımından yüksək qiymətləndirib. Çin və Azərbaycan xalqları arasında mövcud olan dostluq münasibətlərinin qədim ənənələrə söykəndiyi, dövlətimiz müstəqillik qazandıqdan sonra ticarət, mədəniyyət, elm, təhsil və səhiyyə sahələri üzrə bu əlaqələrin daha da inkişaf etdiyi vurğulanıb. Azərbaycanın Asiya və Avropa arasındakı nəqliyyat qovşağında yerləşməsi, “Böyük İpək Yolu”nun və “Bir kəmər – bir yol” layihəsinin bir hissəsi olması bu münasibətləri daha da dərinləşdirib. Bu əlaqələrin Penitensiar xidmət sahəsini də əhatə etdiyi və Çin nümayəndələrinin artıq üçüncü dəfədir ki, Azərbaycana səfər etdikləri söylənilib.

Rəis müavini Penitensiar xidmətin həyata keçirdiyi beynəlxalq əməkdaşlıq sahəsində nəzərə çarpacaq müsbət dəyişikliklərin əldə olunduğunu, beynəlxalq qurumların nümayəndələrinin mütəmadi olaraq cəza çəkənlərin, o cümlədən vərəmli məhkumların saxlanma şəraiti ilə yaxından tanış olduqlarını bildirib. BQXK-nın ölkəmizin vərəmlə mübarizədə qazandığımız nailiyyətləri təqdir edərək, bu təcrübənin digər dövlətlər tərəfindən də öyrənilməsini tövsiyə etdiyi qeyd edilib.

Hüseyn Əlixanov bu dəfəki səfərin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Cəza-icra və cinayət-prosessual qanunvericiliyi və bu qanunların tətbiqi, eləcə də hər iki ölkənin qanunvericiliyindəki oxşar və fərqli cəhətlər ətrafında qarşılıqlı diskussiya aparılıb.

Səfər üçün lazımi şəraitin yaradılmasına və görüşün yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Çin Xalq Respublikasının Həbsxana idarəçiliyi departamentinin icraçı direktoru Jing Lin xalqlarımız arasındakı dostluq əlaqələrinin tarixi, 2005-ci ildə iki ölkə arasında imzalanmış memorandum, 2015-ci ilin sentyabr ayında Pekində ədliyyə nazirləri səviyyəsində keçirilmiş konfrans barədə görüş iştirakçılarına məlumat veib. Azərbaycanın Penitensiar xidmət, xüsusilə də cəzaçəkmə müəssisələrində tibbi xidmətin təşkili sahəsində qazandığı uğurları yüksək qiymətləndirən nümayəndə heyətinin rəhbəri səfərin onlar üçün təcrübə baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.

Səfər çərçivəsində qonaqların Penitensiar xidmətin bir neçə cəzaçəkmə müəssisəsinin fəaliyyəti ilə tanış olmaları nəzərdə tutulub.

Görüşün sonunda Çinin nümayəndə heyətinin rəhbəri xatirə hədiyyəsi təqdim edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə