Avropa İttifaqının və Avropa Şurasının “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək” birgə layihəsi çərçivəsində 30.10.2017-ci il tarixdə Avropa Şurasının Bakı ofisinin rəhbər müavini Joel Mermet, ofisin əməkdaşı, layihə üzrə əlaqələndirici Aynur Yusifova, beynəlxalq ekspertlər Mario Osvald və Fransis Nenql Penitensiar xidmətin Baş idarəsində qəbul ediliblər.
Qonaqları salamlayan Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov 2013-cü ilin Azərbaycanda dövlət başçısı tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”nda Penitensiar xidmət üzrə yeni texnologiyaların tətbiqinin nəzərdə tutulduğunu bildirib. Bu məqsədlə Ədliyyə Nazirliyi ilə “Ultra Computers” icraçı şirkəti arasında müvafiq müqavilənin imzalandığı xatırlanıb.
“Məhbusların şəxsi işlərinin idarə edilməsi sisteminin və vahid elektron tibbi qeydiyyat məlumat bazasının yaradılması” layihəsi çərçivəsində vahid rabitə şəbəkəsinin quraşdırılması və yeni proqram təminatının tərtibatının 2013-cü ilin aprel ayından başlandığını diqqətə çatdıran rəis müavini qonaqlara Penitensiar xidmətdə təhlükəsizlik və məxfiçilik prinsiplərinə riayət olunmaqla quraşdırılmış Mərkəzi Məlumat Bazası barədə məlumat verib, mövzu ilə əlaqədar çoxsaylı sualları cavablandırıb. Ekspertlərin xahişi ilə onların penitensiar müəssisələrə başçəkmələri və zəruri məlumatları əldə etmələri üçün hər cür şəraitin yaradılacağı görüş iştirakçılarının diqqətinə çatdırılıb.
İnformasiya texnologiyaları eksperti Mario Osvald proqram təminatı üzrəkifayət qədər təcrübəyə sahib olduğunu və bununla bağlı təcrübəsini Penitensiar xidmət əməkdaşları ilə bölüşməyə hazır olduğunu bildirib.
Digər ekspert Fransis Nenql görüş iştirakçılarına səhiyyə xidmətinin idarə edilməsi və vahid elektron tibbi qeydiyyat məlumat bazasının yaradılması üzrə təcrübəsindən bəhs edib.
Avropa Şurasının Bakı ofisinin rəhbər müavini Joel Mermet və beynəlxalq ekspertlər qəbula və onları maraqlandıran məsələlərə müfəssəl aydınlıq gətirildiyinə görə minnətdarlıqlarını ifadə ediblər.
Hüseyn Əlixanov Avropa İttifaqı və Avropa Şurasının birgə dəstəyi sayəsində Penitensiar xidmətin fəaliyyətində İT sahəsi üzrə əldə olunmuş nailiyyətlərə görə məmnunluğunu ifadə edib, bu layihənin yaranmasında göstərilən dəstək üçün təşkilatçılara və ekspertlərə dərin təşəkkürünü bildirib.
Görüşdən sonra Penitensiar xidmətdə fəaliyyət göstərən Mərkəzi Məlumat Bazasının serverinə ilkin baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB