YAP-ın yaradılmasının 25-ci ildönümü qeyd edilib SƏS TV -Nərimanov rayonunda

YAP-ın yaradılmasının 25-ci ildönümü qeyd edilib SƏS TV -Nərimanov rayonunda

Bu gün YAP Gənclər Birliyi və Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən öncə YAP Nərimanov rayon təşkilatının inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyulub, Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edilib.

Milli Məclisin deputatları Hikmət Babaoğlu, Mahir Abbasov, Yeni Azərbaycan Partiyasının qurucularından YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı bildirib ki, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: "Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan gəncliyinin alternativsiz lideri İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur".

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırmasının, gəncləri dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsinin onun tərəfdarlarının sayının artmasına səbəb olduğunu, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyini xüsusilə vurğulayıb.

Milli Məclisin deputatları Hikmət Babaoğlu və Mahir Abbasov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası Böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycanın siyasi tarixindəki imzasıdır, möhürüdür.

Natiqlər Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycanın siyasi həyatında mühüm tarixi hadisə olduğunu, YAP-nın böyük çətinliklərə sinə gərərək həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyərək, Ümummilli Lider Heydər Əliyevin və onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin xalqımızın rifah halının daha da yaxşılaşmasına, dövlətçiliyimizi daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıblar.

Sonda Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü Kərim Kərimov çıxış edərək, YAP-ın keçdiyi çətin və şərəfli yoldan, Ulu Öndər Heydər Əliyevin xidmətlərindən və siyasi fəaliyyətindəki çətinliklərdən və onlardan necə şərəflə çıxdığından bəhs edib.

Bununla da iclas öz işini başa vurub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə