Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsini qəbul edib- Yenilənib
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 6-da ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvlərini, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. SİA-nın məlumatına görə, dövlət başçısı ATƏT-in qiymətləndirici missiyasını Naxçıvan Muxtar Respublikasında salamlamaqdan məmnunluq hissi keçirdiyini bildirib, bu səfəri müsbət hal kimi dəyərləndirib.
Missiyanın fəaliyyətini alqışlayan prezident İlham Əliyev 2005-ci ildə ATƏT-in fakt-araşdırıcı missiyasının işğal olunmuş ərazilərdə olarkən oradakı dağıntılar barədə hazırladığı məruzənin önəmini qeyd edib.
Qiymətləndirici missiyanın tərkibinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin də daxil edilməsinin önəminə toxunan dövlət başçısı missiyanın işğal olunmuş ərazilərə budəfəki səfərlərinin və müşahidələrinin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına, bu məruzədə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, dağıntılar, ümumiyyətlə işğalla bağlı faktların öz əksini tapacağına ümidvar olduğunu bildirib.
Nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasında olmalarından məmnunluq hissi ifadə edib, qiymətləndirici missiya çərçivəsində görüləcək işlər barədə Azərbaycan dövlət başçısına məlumat veriblər.
Qeyd edək ki, həmsədrlər Naxçıvandan Ermənistana gedəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB