MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası başa çatıb

MDB Dövlətlərarası Şuranın hidrometeorologiya üzrə 22-ci sessiyası başa çatıb

5 oktyabr 2010-cu il tarixdə Qəbələ rayonunun "Qafqaz Riverside" mehmanxanasında başlayan MDB Dövlətlərarası Hidrometeorologiya Şurasının (DHMŞ) 22-ci sessiyası öz işini bu gün başa vurub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu gün keçirilən sessiyada 2006-2010-cu illər ərzində hidrometeorologiya sahəsində görülmüş elmi-tədqiqat işləri barədə hesabat dinlənilib, 2011-2015-ci illər üçün elmi-tədqiqatların yeni planı müəyyən edilib.

Sessiyada Rusiya Hidrometeorologiya Mərkəzinin direktoru R.M.Vilfandın MDB DHMŞ-nın birgə layihəsi olan Şimali Avrasiya Regional İqlim Mərkəzinin işi barədə hesabatı və MDB ölkələrinin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun olaraq qlobal iqlim sazişi üzrə danışıqlarda iştirakı müzakirə edilib.

Daha sonra hidroloji və iqlim məlumatlarının təhlili üzrə kompyuter proqramlarına, cədvəl kodlarına keçid məsələsinə, eləcə də hidrometeoroloji məlumatlar mübadiləsi, rabitə sistemləri və teleəlaqə məsələlərinə baxılıb.

Sessiyada çıxış edən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Avropa Bürosunun direktoru Dimitriy İvanov ÜMT-nin İşçi Qruplarının yeni strukturundan və regionda həyata keçirilən layihələrdən danışıb.

Aparılan müzakirələrdən sonra regionda hidrometeoroloji fəaliyyətin uzunmüddətli strategiyası sənədi, eyni zamanda MDB DHMŞ-a dair sazişdə bəzi dəyişikliklər edilməsi barədə təkliflər qəbul edilib.

Sonda 2011-ci ildə keçiriləcək növbəti 23-cü sessiyanın gündəliyi təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə