Respublikanın çaylarında və tranzit çaylarda suyun səviyyəsi artıb
05-06 oktyabr tarixlərində gecə və səhər yağan leysan yağışlar nəticəsində Respublikanın çaylarında sululuq artmış, Balakən-Şəki bölgəsinin Kişçay, Şinçay, Küngütçay, Zəyzitşay, Qaraçay, Dəhnəçay, Daşağılçay, Əyriçay, Balakənçay, Mazımçay, Talaçay, Kürmükçay, Hamamçay və Türyançay çaylarından qısamüddətli daşqın keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi 30-90 sm, Quba-Xaçmaz bölgəsinin çaylarında 20-40 sm, Qazax-Gəncə bölgəsinin çaylarında isə 10-27 sm artıb.
Hazırda Respublikanın çaylarında sululuq ongünlük normadan yüksəkdir. Ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunur ki, bu da ongünlük normanın 393-693%-ni, Quba-Xaçmaz bölgəsi çaylarında normanın 115-494 %-ni, Balakən-Şəki və Qazax-Gəncə bölgəsi çaylarında isə normanın 165-281 %-ni təşkil edir.
Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, eyni zamanda Gürcüstan ərazisində Qanıx və Kür çayının hövzələrinə yağan leysan yağışları nəticəsində müvafiq olaraq Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 103 sm artaraq su sərfi 203 m3/san (ongünlük normanın 212 %-i), Kür çayının Qıraqkəsəmən məntəqəsində isə 16 sm artaraq su sərfi 220 m3/san (ongünlük normanın 136 %-i) təşkil edib.
Kür çayının aşağı axınında sabit sululuq müşahidə olunur. Belə ki, hazırda Surra məntəqəsində suyun səviyyəsi 417 sm (2010-cu il mayın 21-də 955 sm), Şirvanda 341 sm (2010-cu il mayın 18-də 853 sm ), Bankədə 262 sm (2010-cu il mayın 18-də 503 sm), Salyanda 360 sm (2010-cu il mayın 18-də 855 sm), Araz-Novruzluda isə 170 sm (2010-cu il mayın 21-də 734 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB