Deputat: “Bakı-Tbilisi-Qars” çox ciddi layihədir” MÜNASİBƏT

Deputat: “Bakı-Tbilisi-Qars” çox ciddi layihədir” MÜNASİBƏT

“Bakı-Tbilisi-Qars” dəmir yolu xətti layihəsi təkcə region üçün deyil, bütövlükdə hesab edirəm ki, dünya üçün çox ciddi bir layihədir. Belə bir layihə xaricdən hər hansı bir maliyyə dəstəyi alınmadan ilk növbədə Azərbaycanın imkanları hesabına qurulur. Bu yüklərin Azərbaycan ərazisindən keçməklə Türkiyə və oradan Avropaya çatdırılmasına imkan verəcək. Əlbəttə ki, bu layihə Ermənistanın və rəsmi İrəvanı müdafiə edən xaricdə müəyyən dairələrin etirazına səbəb oldu. Onlar çox istəyirdilər ki, bu xətt Ermənistandan keçsin”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyü tanısa idi, qoşunlarını işğal etdikləri Azərbaycan ərazilərindən çıxarsa idi prinsipcə bu baş verə bilərdi: “Artıq Ermənistan növbəti dəfə iqtisadi və siyasi cəhətdən uduzur. Ona torpaq iddiası etməyimiz Bakı-Ceyhan neft kəmərinin, Bakı-Ərzurum qaz kəmərinin indi isə Bakı-Qars dəmir yolu xəttinin Ermənistandan keçməsinin qarşısını aldı. Bu xəttlərin Ermənistandan keçməsi hər il sadəcə olaraq yer haqqı kimi Ermənistan büdcəsinə milyard dollarlarla vəsaitin daxil olmasına kömək edə bilərdi. Bu bir daha göstərir ki, beynəlxalq hüquq normalarının gözlənilməsi, dövlətlərin mehriban qonşuluq siyasəti ilə yaşaması həmin dövlətlərin bugünün və sabahının inkişafına ciddi təsir edən amillərdəndir. Azərbaycan bu dəmir yolu xəttini işə salmaqla müstəqilliyindən maksimum istifadə etdiyi və atdığı addımların həm özünün, həm də regionun maraqlarına xidmət etdiyini göstərir.

“Bakı-Tbilisi-Qars” dəmir yolu xətti şəxsən ölkə Prezidenti İlham Əliyevin təşəbbüsüdür. Onun tikintisi cənab Prezidentimizin diqqətində olub. Ölkə başçısı növbəti dəfə həqiqi lider olduğunu və tarixi yaradan bir şəxsiyyət olduğunu göstərdi. Bu xəttin açılması iqtisadiyyatın inkişafına və Mərkəzi Asiyadan gələn yüklərin qısa bir zamanda Azərbaycan-Gürcüstan-Türkiyə vasitəsilə dünyanın digər regionlarına çatdırılmasına kömək edəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə