Hidayət Orucov: "Ölkəmizdə elə bir elm-təhsil, mədəniyyət, sənaye və başqa sahələr yoxdur ki, yəhudilər orada faydalı işlərilə təmsil olunmasınlar"

Hidayət Orucov: "Ölkəmizdə elə bir elm-təhsil, mədəniyyət, sənaye və başqa sahələr yoxdur ki, yəhudilər orada faydalı işlərilə təmsil olunmasınlar"

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan İsrailin baş ravvini Şloma Omar, Rusiya Federasiyasının baş ravvini Berl Lazar və onları müşayiət edən şəxsləri qəbul edib.

SİA-nın məlumatına görə, Dövlət Komitəsinin sədri qonaqları salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət yetirdiyi ölkədə milli azlıqların hüquq və azadlıqlarının qorunmasının, dil və mədəniyyətlərinin inkişafı məsələlərinin dövlət siyasəti olaraq həyata keçirilməsinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan xalqı tarixən və təbiətən tolerant xalqdır. Bunu istər Respublikamızda, istərsə də xaricdə yaşayan yəhudilər dəfələrlə etiraf eiblər. Azərbaycan keçmiş nəhəng imperiyada yeganə ölkədir ki, burada antisemitizm, milli-dini ayrı-seçkilik olmayıb. Azərbaycan həm də burada yaşayan onlarla digər xalqların, o cümlədən yəhudilərin Vətənidir. Ölkəmizdə elə bir elm-təhsil, mədəniyyət, sənaye və başqa sahələr yoxdur ki, yəhudilər orada faydalı işlərilə təmsil olunmasınlar. Azərbaycanın öz müstəqilliyinin yenidən bərpasında, Qarabağın azadlığı uğrunda döyüşlərdə yəhudi vətəndaşlarımız düşmənlə mübarizədə qəhrəmanlıqlar nümayiş etdiriblər. Yəhudi əsilli Azərbaycan oğlu Albert Aqoronov Azərbaycan Respublikasının Milli Qəhrəmanıdır. Belə vətənpərvərlik qədirbilən Azərbaycan üçün prinsipial məqamlardır.

İsrailin baş ravvini Şloma Omar səmimi qəbul üçün Dövlət Komitəsinin sədri Hidayət Orucova minnətdarlığını bildirərək deyib ki, Bakı onu hava limanından başlayaraq heyran etməkdə davam edir. Şəhər - qurub-yaradan insanlar məskənidir. Azərbaycanın gözəl qonaq qarşılamaq adət və vərdişinə heyranıq. Respublikanız o ölkələrdəndir ki, burada yəhudilər yəhudi olmaqları ilə fəxr edirlər. Çünki müasir dövrümüzdə də yəhudilərə qarşı sərt mövqe tutan ölkələr və millətlər var. Azərbaycanın təcrübəsi isə başqa ölkələrə örnək ola bilər. Biz bunu dövlət siyasəti, həmçinin, millətinizin mənəvi zənginliyi kimi yüksək dəyərləndiririk. Uca Yaradana ölkənizə yeni-yeni uğurlar bəxş etməsi, heç bir düşmən qüvvənin Azərbaycana mane ola bilməməsi üçün dua edirəm.

Görüşdə çıxış edən Rusiya Federasiyasının baş ravvini Berl Lazar və başqaları bildirdilər ki, əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad edən Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənilmiş, müxtəlif yəhudi dini icmaları heç vaxt burada anti-semitizm hiss etməyiblər.

Quba rayonundakı Qırmızı qəsəbənin keçmişi və bu günü nümunəsində xalqların dinc, yanaşı yaşamaq ənənəsinə və Azərbaycan–İsrail münasibətlərindəki mənəvi dəyərlərin genişləndirilməsi perspektivlərinə inamla baxdığını söyləyən Hidayət Orucov həm Yaxın Şərq, həm də Qafqazda tezliklə əmin-amanlığın bərqərar olması barədə arzularını ifadə edib.

Səmimilik şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə