“Şərq Tərəfdaşlığı”: Brüsselin yeni cəhdləri və mövcud ziddiyyətlər

Noyabrın 24-də Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramının növbəti sammiti keçirilməlidir. Bu tədbirin mümkün nəticələri ilə bağlı müxtəlif analizlər aparılır. Mütəxəssislərin proqnozlarında həmin proqramın şansının elə də yüksək olmadığı vurğulanır. Onun əsas səbəbi kimi isə proqram üzrə tərəfdaş ölkələrin artıq fərqli geosiyasi istiqamət seçməsi göstərilir. Məsələn, Ukrayna, Moldova və Gürcüstan ifrat Avropa meyilliliyini nümayiş etdirirlər. Azərbaycan müstəqil xarici siyasət kursunu reallaşdırır. Bakı Avropa İttifaqı ilə əlaqələrini özünün irəli sürdüyü şərtlər daxilində bərabərhüquqlu tərəfdaşlıq əsasında qurmağa qərar verib. Assosiativ üzvlüyün tərəfdaş ölkələrin milli maraqlarına cavab vermədiyini rəsmi Bakı dəfələrlə bəyan edib. Ermənistan və Belarus isə Rusiyanın təklif etdiyi inteqrasiya xəttini seçiblər. Mövqelərin bu cür dağınıqlığı şəraitində Brüssel sammiti nələri vəd edə bilər? Bu sualın cavabı maraqlı olardı.

Aİ-nin tərəfdaşlıq fəlsəfəsi: yeniliklər gözlənilirmi?

Avropada bir sıra dairələr “Şərq Tərəfdaşlığı” proqramını canlandırmağa çalışırlar. Son illər bu ifadəni mütəxəssislər elə də geniş işlətmirlər. Lakin Avropa İttifaqı həmin təşəbbüsü keçmiş SSRİ-nin altı respublikası ilə inteqrasiya proseslərini dərinləşdirmək məqsədi ilə göstərdiyindən, o, aktuallığını saxlayır. Həmin respublikalar Azərbaycan, Ukrayna, Ermənistan, Moldova, Gürcüstan və Belarusdur (bax: Poland takes on Russia with "Eastern Partnership" proposal / "The Telegraph", 25 may 2008).

Bu ideyanı Aİ-nin 2004-cü ilin mayında növbəti genişlənməsindən sonra həyata keçirməyə başladılar. Onu Polşanın o dönəmdəki xarici işlər naziri Radoslav Sikorski irəli sürmüşdü. İdeyanın Aİ-nin rəhbərliyinə təqdimatında isə İsveç də iştirak etmişdi. Proqramı Aİ 2008-ci il 19-20 iyunda müzakirə edib. “Şərq Tərəfdaşlığı”nın əsas tezisləri demokratik quruluşun tərəfdaş ölkədə bərqərar olması, sabitliyin təmin edilməsi, iqtisadi inteqrasiya (bura həm də azad ticarət zonaları daxildir), energetik təhlükəsizlik, viza rejiminin liberallaşdırılması, qanunsuz miqrasiya ilə mübarizə kimi mühüm bəndlərdən ibarətdir. Aİ-nin maraqları aspektində isə ən əhəmiyyətli məqam perspektivdə təşkilatla tərəfdaş ölkələr arasında assosiativ üzvlük haqqında sazişin imzalanmasıdır.

2009-cu il mayın 7-də Praqada Aİ “Şərq Tərəfdaşlığı” ilə bağlı bəyannamə qəbul edib. Şərt kimi proqram iştirakçısı olan ölkələrin Aİ-nin qoyduğu tələblərə əməl etməsi göstərilirdi (bax: Joint Declaration of the Prague Eastern Partnership Summit Prague, 7 May 2009, “consilium.europa.eu”). 2010-сu ilin mayında Polşa “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində “dostlar qrupu” yaratmağı təklif etdi. Buraya Rusiya da daxil idi. 2012-ci ilin iyulunda isə “Şərq Tərəfdaşlığı” sammiti Brüsseldə təşkil edildi. Orada Belarusun tələblərə əməl etməməsi məsələsinə baxıldı. Minsk siyasi məhbus məsələsinə görə ittiham olunurdu.

2013-cü ilin 28-29 noyabrında Vilnüsdə proqramın növbəti sammiti keçirildi. Orada Gürcüstan və Moldova assosiativ üzvlüklə bağlı sazişi imzaladılar, Ukrayna və Ermənistan isə bundan imtina etdi. Azərbaycanın özəl mövqeyi oldu. Rəsmi Bakı, ümumiyyətlə, assosiativ üzvlüyə fərqli yanaşma nümayiş etdirdi. Təcrübə göstərdi ki, Azərbaycan tərəfi tam haqlıdır.

Ekspertlər bu proqrama Rusiyanın şübhə ilə yanaşdığını vurğulayırlar. Moskva “Şərq Tərəfdaşlığı”nı postsovet məkanını parçalamaq planlarından biri kimi qəbul edir. Bütün hallarda 2013-cü ildən bu yana həmin proqram barədə çox az danışılırdı və o, daha çox tənqid olunur. Burada Azərbaycanın fəaliyyəti ciddi rol oynadı. Rəsmi Bakı sübut etdi ki, “Şərq Tərəfdaşlığı” proqramı üzrə assosiativ üzvlük müstəqil dövlətlərin suverenliyinə müəyyən ziyan vura bilər. Bunun əvəzində Azərbaycan tərəfi strateji mahiyyətli bərabərhüquqlu əməkdaşlığı nəzərdə tutan proqram təklif etdi. Brüssel bəzi araşdırmalardan sonra Bakının düzgün addım atdığını qəbul edərək, həmin proqram üzərində işləməyə başladı.

Fərqli geosiyasi seçimlər: “Şərq Tərəfdaşlığı”nın problemləri

Assosiativ üzvlüyə gəldikdə isə, 2017-ci il başa çatır, Ermənistan hələ də sazişi imzalamayıb. Əksinə, rəsmi İrəvan Moskvaya tərəf reverans edib. Assosiativ üzvlərin özləri də müqavilədən hələlik tutarlı bir fayda görməyiblər. Əvəzində, geosiyasi-hərbi aspektdə problemlər çoxalıb. Bu səbəblərə görə, Polşa tərəfinin “Şərq Tərəfdaşlığı”nı yenidən gündəmə gətirməsi düşündürücüdür. Rəsmi Varşava nəyə ümid edir?

Vurğulayaq ki, “Şərq Tərəfdaşlığı”nın növbəti sammiti noyabrın 24-də Brüsseldə olmalıdır. Polşanın xarici işlər naziri Vitold Vaşçikovski isə bəyan edib ki, bu proqramın iştirakçıları üçün NATO və Aİ-nin "qapıları açıq" olmalıdır. Rəsmi Varşava yalnız təkliflə kifayətlənmir, onun diplomatları proqram iştirakçıları ilə aktiv məsləhətləşmələr aparırlar. Varşavada Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze ilə müzakirələri xarici işlər naziri V.Vaşçikovski aparıb. İrəvanda isə onun müavini Bartoş Çixotski danışıqlarda iştirak edib. Hər iki ölkədə inteqrasiyanın perspektivlərindən, əməkdaşlığın dərinləşməsindən bəhs edilib.

Aİ nümayəndələri Azərbaycana da təşrif buyurublar. Onlar Prezident İlham Əliyevlə müzakirələr aparıblar. Ancaq Azərbaycan tərəfinin arqumentləri o dərəcədə tutarlı olub ki, onların təhlili ayrıca yanaşma tələb edir. Rəsmi Bakı göstərib ki, Aİ ilə əlaqələrin inkişafı üçün konkret şərtlərə əməl olunmalıdır. Onlara əməl edilmirsə, hansısa inteqrasiyadan danışmağın mənası yoxdur. Bütün bunlar real faktlardır. Maraqlıdır ki, Brüssel də bunları yaxşı bilir. Digər tərəfdən, Aİ-yə məlumdur ki, hazırda dünya miqyasında elə proseslər gedir ki, onlar Avropanın inteqrasiya üçün elə də şanslı olmadığını göstərir. Regional inteqrasiya meyilləri getdikcə artır. Aİ-nin “Şərq Tərəfdaşlığı”, yaxud Mərkəzi Asiya ilə əməkdaşlıq proqramları öz səmərəliliyini xeyli azaldıb. Bəs onda hansı səbəblərdən Brüssel fəallaşmağa qərar verib?

Görünür, burada Rusiya, Türkiyə və İranın son zamanlar daha fəal siyasət yeritməsi müəyyən təhrikedici rol oynayıb. Bu ölkələr əməkdaşlıq sahəsində yeni nəticələr əldə etməklə yanaşı, Yaxın Şərq və Qafqazda da fəallıq nümayiş etdirirlər. ABŞ artıq öz milli problemləri ilə məşğul olmağa üstünlük verir. Vaşinqtonun Avropanın qayğısına qalmaq həvəsi olduqca azdır. Rusiya və Çinin Avrasiyada güclənməsi, Türkiyənin faktiki olaraq yeni güc mərkəzi kimi meydana çıxması Brüsselin qarşısında həllini tələb edən ciddi problemləri qoyur. Onların sırasında Aİ-nin dağılma təhlükəsini aradan qaldırmaq xüsusi yer tutur. Bunun üçün ilk növbədə təşkilatın cəlbediciliyini qoruyub saxlamaq lazımdır.

Ancaq real vəziyyət Brüsselin düşündüyündən xeyli fərqlidir. Aİ-nin Regionlar Komitəsi bürosunun vitse-prezidenti Arnold Abramaviçus vurğulayır ki, “Şərq Tərəfdaşlığı”nın daxilində parçalanma vardır. Ukrayna, Gürcüstan və Moldova ifrat Avropa meyillidirlər. Azərbaycan, Ermənistan və Belarusun isə öz yolu var. Xüsusilə Azərbaycan tam müstəqil kurs götürüb və onu davam etdirir. İrəvanla Minsk isə Rusiyanın Avrasiya inteqrasiyası planlarına uyğun hərəkət edirlər. Belə çıxır ki, artıq əvvəlki mənada “Şərq Tərəfdaşlığı” qalmayıb.

O halda Aİ-nin yenidən bu proqram üzvlərinin sammitini keçirmək istəməsi çətin vəziyyətdən çıxış yolu axtarmaq cəhdi təsiri bağışlayır. Noyabrda həmin proqram iştirakçılarının fərqli bir təklif ortaya qoyacağı gözlənilmir. Azərbaycan özünün təklif etdiyi maddələr üzrə hərəkət etməkdə israrlı olub başqa variantı qəbul etmir. Ermənistan və Belarus Rusiyadan üz döndərən deyillər. Moldova və Ukrayna isə geosiyasi və təhlükəsizlik aspektlərində ciddi problemlər yaşayırlar. Gürcüstanın vəziyyəti kifayət qədər həssas məqamlara bağlıdır.

Beləliklə, Brüsselin “Şərq Tərəfdaşlığı” proqramını aktuallaşdırmaq cəhdinin uğurlu olması ehtimalı yüksək deyil. Aİ elə bir geosiyasi gücə malik deyildir ki, ABŞ, Rusiya və Çinin diqtə etdiyi şərtləri dəyişə bilsin. Bu təşkilatın genişlənmək planları da ciddi maneələrlə üzləşib. Mütəxəssislər Aİ-nin özünün taleyinin qeyri-müəyyən olduğu ehtimalını istisna etmirlər.

Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramı üzrə növbəti sammitinin real nəticələr verəcəyini iddia etmək çətindir. Orada daha çox problemlərin mövcudluğundan danışmaq olar. Çıxış yolu isə mürəkkəb geosiyasi dinamikanın ortaya çıxaracağı amillərdən asılı olacaq. Bu istiqamətdə cavablardan çox suallar vardır. Belə çıxır ki, “Şərq Tərəfdaşlığı”nın Brüssel sammitinin necə sonuclanacağı məlum deyil.

Newtimes.az

Bütün xəbərlər Facebook səhifəmizdə