Ermənistanın baş naziri Karen Karapetyanın İrana səfəri İran-Ermənistan münasibətlərinə dair ənənəvi mövzuları yenidən aktuallaşdırdı. Amma ermənilərin indiki informasiya bolluğu fonunda bəzi məsələləri görməməsi yaranmış vəziyyətdə ancaq təəccüb doğurur. SİA xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, erməni siyasiləri Gürcüstan-İran münasibətlərində baş verənləri də görmək istəmir: “Yaxınlarda İranın korporasiya və əmək naziri, İran-Gürcüstan hökumətlərarası komissiyanın həmsədri Əli Rəbii Gürcüstanda idi. Tbilisidə bir çox iqtisadi tədbirlər,biznes forum keçirdi və müzakirə olunan məsələlərdən biri də İranla Gürcüstan arasında enerji, kommunikasiya məsələləri idi. İranlı nazir Ə. Rəbii açıq şəkildə bildirdi ki, Fars körfəzi və Qara dəniz (oxu: İranla Gürcüstan) arasında olan əlaqələr Azərbaycan Respublikası ərazisi vasitəsilə qurulacaq”.
Politoloq vurğulayıb ki, Astara(Azərbaycan) - Astara (İran) dəmir yolunun tikintisi H. Ruhaninin daim diqqətindədir və vitse-prezident E. Cahangiri bu tikintinin vəziyyətini yerində yoxlayıb: “Noyabrda RF, Azərbaycan və İran prezidentlərinin Tehran görüşündə bu dəmiryolu layihəsinin müzakirəsinə xüsusi diqqət ayrılacağı istisna deyil”.
O qeyd edib ki, Ermənistanın İran ərazisi vasitəsi ilə Türkmənistandan qaz almaq planları qeyri realdır:
I. Türkmənistandan İrana daxil olan qaz kəmərlərinin diametri çox kiçikdir. O qaz kəməri yalnız İranın Türkmənistanla həmsərhəd regionlarının əhalisini qazla təmin etmək üçün nəzərdə tutulmuşdu. Türkmənistan qazını alıb İran vasitəsilə Ermənistana ötürmək və oradan da beynəlxalq aləmə çıxarmaq daha böyük diametrli kəmər tələb edir. Amma bu gün İranla Türkmənistan arasındakı münasibətlər hətta belə kəməri müzakirə etməyə imkan vermir.
II. İranla Türkmənistan arasında qaz alqı-satqısı məsələsi problemlər yaradıb. Ermənistan parametri bu problemin həlli üçün yararlı deyil. İranın Türkmənistana olan borc məsələsinə Ermənistan müdaxilə edə bilməz. Söhbət təkcə İrana qarşı ABŞ-ın sanksiyalarına Ermənistanın əməl etməsindən getmir. İran və Türkmənistan borc məsələsinin həllində istənilən təklifi, o cümlədən, Ermənistanın borcun diskont alınması ideyasını müzakirə üçün qəbul etməlidir. Qəbul etməməsi əks effekt yaradardı.
III. İran Türkmənistanla həmsərhəd regionlarına ölkənin mərkəzi hissəsindən əlavə qaz kəməri çəkdi. Bu kəmər Türkmənistanla həmsərhəd regionlarındakı əhalini qazla təmin edir.
M.Əhmədoğlu vurğulayıb ki, K. Karapetyanın Tehranda keçirdiyi görüşlərdə İranın Ermənistandan yeni, bəlkə də orijinal yanaşma gözləməsi aydın şəkildə görünür: “ Tehran Ermənistanın digər dövlətlər üçün (ABŞ və Rusiya) etmədiyini İran üçün etməsini istəyir. Bu, Dağlıq Qarabağ probleminin həllində də ola bilər və ya hansısa bir ölkənin marağının qovulub Ermənistandan çıxarılması formasında da ola bilər. Belə orijinal yanaşma olmayana qədər İran Ermənistana qarşı mövqeyini dəyişməyəcək”.
O vurğulayıb ki, Dağlıq Qarabağ məsələsinə İranın münasibətinə dair ermənilərin fikirləri birmənalı olaraq irrasionallıqdır. İran Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini özünəməxsus qaydada inkar edir.
Politoloq sonda bildirib: “Prezident H. Ruhaninin Baş nazir K. Karapetyanla görüş zamanı Ermənistanı Yəməndəki münaqişənin həllində birgə fəaliyyət göstərməyə dəvət etməsi bunu göstərir Yəməndəki münaqişədə Ermənistanın nə rolu ola bilər?! Sadəcə, İran öz dili ilə Ermənistanı başa salmaq istəyir ki, İranın ətrafındakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi tənzimlənməlidir.
Tehranın Ərdəbil-Miyanə-Parsabad-Aslandüz (Horadiz) dəmir yolu ideyası da Ermənistana təzyiq formalarından biridir.
Erməni siyasiləri görünür, ağıl və savada qarşı etiraz piketi keçirməyə hazırlaşırlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB