Bahar Muradova: “ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinin real mənzərəsini yaradan hesabat hazırlamalıdır” - MÜNASİBƏT

Bahar Muradova: “ATƏT-in qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinin real mənzərəsini yaradan hesabat hazırlamalıdır” - MÜNASİBƏT

"ATƏT-in qiymətləndirmə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərində araşdırma aparması müsbət haldır. Münaqişənin nəticələri haqqında bizim beynəlxalq birliyi məlumatlandırmağımızla yanaşı, vasitəçilik missiyasını yerinə yetirən həmsədrlərin və ATƏT ekspertlərinin rəyi də önəmlidir. Çünki onlar bölgədə olaraq faktları öz gözləri ilə görəcəklər". SİA-nın məlumatına görə, bunu YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

 

B.Muradova xatırladıb ki, ATƏT tərəfindən ilk bu cür missiya 2005-ci ildə həyata keçirilib, bundan sonra isə Azərbaycan tərəfinin dəfələrlə bu məsələni qaldırmasına baxmayaraq konkret addımlar atılmayıb. O, artıq missiyanın bölgədə araşdırma aparmağa başlamaq üzrə olmasını müsbət dəyərləndirib: "Amma bu səfərin və araşdırmaların nəticələrinin obyektiv olacağını indidən deyə bilmərəm. Hesabat açıqlandıqdan sonra onu dəyərləndirə biləcəyik. Ümid etmək istəyirəm ki, missiya obyektivlik nümayiş etdirəcək və Azərbaycanın işğal olunmuş ərazilərinin real mənzərəsini yaradan hesabat tərtib edəcək. Çünki bu, həm vasitəçi olaraq həmsədrlərin özünə lazımdır, həm də bütövlükdə ATƏT-in Minsk Qrupunun fəaliyyəti üçün çox vacibdir. Obyektiv hesabat digər beynəlxalq təşkilatlar, o cümlədən BMT müstəvisində məsələlər müzakirə olunduğu zaman aydın təsəvvürün yaranması və real vəziyyətin diqqətə çatdırılması, bunun əsasında da sənədlərin qəbuluna gətirib çıxaran amilə çevrilə bilər. Hər halda, mən çox istərdim ki, Minsk Qrupunun həmsədrləri və onlarla birgə bölgədə olan ekspertlər real vəziyyəti olduğu kimi öz hesabatlarında təsvir etsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə