Prezident İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib

Oktyabrın 5-də Prezident İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.

Məlumat verilib ki, Milli Qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulub. 1981-ci ildən fəaliyyət göstərən hazırkı bina bir müddət əvvəl qəzalı vəziyyətə düşüb. Üçmərtəbəli, 540 şagird yeri olan yeni binada 30 sinif otağı vardır. Bir-birinə örtülü keçidlə birləşdirilmiş üç korpusdan ibarət binada şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılmış, otaqlar zəruri vəsaitlərlə təchiz olunub. Fənn kabinetlərində, laboratoriyalarda müasir standartlara cavab verən avadanlıq qurulub. Altı min nüsxə ədəbiyyatın saxlanıldığı kitabxanada ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşə yaradılıb. İdman zalı da müasir tələblərə cavab verir.

Məktəbin iki kompyuter sinfinin hər birində internetə çıxışı olan 19 kompyuter vardır. İki elektron lövhəli sinif otağı isə tədrisin müasir standartlar səviyyəsində aparılmasına imkan verəcəkdir. Hərbi hazırlıq fənninin əyani vəsaitlərlə tədrisi də diqqətdən kənarda qalmayıb.

Dövlətimizin başçısı yaradılmış şəraiti yüksək qiymətləndirib, kollektivi təbrik edib. Müəllimlər ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə