Prezident İlham Əliyev Naxçıvan-Sədərək magistral yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev Naxçıvan-Sədərək magistral yolunun açılışında iştirak edib

Oktyabrın 5-də Prezident İlham Əliyev muxtar respublikada əsas strateji magistrallardan biri olan Naxçıvan-Sədərək yolunun açılışında iştirak edib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, Azərbaycanı Türkiyə ilə birləşdirən yeganə quru yolu olan Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanıb. Dördzolaqlı yolun ümumi uzunluğu 81,95 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Birinci hissəsi dövlətimizin başçısının ötən il Naxçıvana səfəri çərçivəsində istifadəyə verilən şosenin kənarlarında xüsusi su ötürücüləri və arxlar çəkilmiş, magistralın üzərində bir neçə yolötürücü tikilib.

İnşaat işlərini Naxçıvan Muxtar Respublikası Tikinti və Arxitektura Komitəsinin sifarişi ilə "Gəmiqaya" şirkəti yerinə yetirib. Magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirməklə Böyük İpək yolunun bir hissəsini təşkil edir.

Dövlətimizin başçısı inşaatçıları təbrik edib, onlarla xatirə şəkli çəkdirib.

Sonra Prezident İlham Əliyev yeni yolda avtomobili idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə