Azərbaycan Prezidenti Sədərək rayonundakı orta məktəbin və mərkəzi xəstəxananın açılışında iştirak edib, "N" hərbi hissəsində olub
Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Prezident İlham Əliyev Sədərəkdəki 2 nömrəli orta məktəbin yeni binasının açılışında iştirak edib. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Məlumat verilib ki, 594 şagird yeri olan 2 nömrəli Sədərək orta məktəbinin binası yeni inşa edilib. Dördmərtəbəli binanın tikintisinə bu ilin mayında başlanılıb. Burada 33 sinif otağı var. Fənn kabinetləri, o cümlədən, hərbi hazırlıq otağı və idman zalı zəruri əyani vəsaitlərlə təmin olunub. Burada həm də şagirdlərin ixtiyarına iki elektron lövhəli sinif otağı da verilib. Məktəbdə internetə çıxışı olan 31 kompüter var. Kitabxanada 10 min nüsxəyə yaxın ədəbiyyat mühafizə edilir. Məktəbdə 511 şagirdin təlim-tərbiyəsi ilə 32 müəllim məşğul olur.
Qeyd edilib ki, muxtar respublikanın bütün məktəbləri kompyuterlərlə təmin olunub. Məktəblərə hər 19 şagirdə bir dəst olmaqla, 2 min 674 kompyuter verilib.
Dövlətimizin başçısı yeni binanın açılışı münasibətilə kollektivi təbrik edib, onlara uğurlar arzulayıb.
Müəllimlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Daha sonra Prezident İlham Əliyev Sədərək rayon mərkəzi xəstəxanasının açılışında iştirak edib. Prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.
Ümumi sahəsi 11700 kvadratmetr olan xəstəxana binası ən müasir tələblərə cavab verən tibbi müəssisə kimi layihələndirilərək inşa edilib. Zirzəmi qatı ilə birlikdə üç mərtəbədən ibarət olan xəstəxana 26 çarpayılıqdır. Müasir tibbi avadanlığın quraşdırıldığı səhiyyə ocağında 29 həkim, 34 tibb bacısı çalışır. Xəstəxanada üç şöbə - stasionar, poliklinika və təcili yardım şöbələri fəaliyyət göstərəcək. Burada, həmçinin yoluxucu xəstəliklər, pediatriya, doğum və ginekologiya, cərrahiyyə, terapiya bölmələri, laboratoriya, əczaxana, burun-boğaz-qulaq kabineti, fizioterapiya, manipulyasiya, elektrokardioqrafiya və ultrasəslə müayinə otaqları, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait var.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, səhiyyə islahatları muxtar respublikada uğurla aparılır. Cari ilin ötən dövründə muxtar respublikanın demək olar ki, bütün rayonlarında səhiyyə ocaqlarının tikintisi və mövcud olanların yenidən qurulması prosesi sürətlə davam edib.
Xəstəxananın kollektivi göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
Dövlətimizin başçısı yaradılmış şəraitdən razılığını bildirib, kollektivə uğurlar arzulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Sədərəkdəki "N" hərbi hissəsində də olub.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.
Dövlətimizin başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış olub.
Məlumat verilib ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait var. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilib.
Prezident İlham Əliyev müşahidə məntəqəsindən təmas xəttini seyr edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB