Mübariz Əhmədoğlu: “Heç kəslə yola getməmək Ermənistanın mahiyyəti, mövcudluq formasıdır”
Bu gün 2010-cu ilin sentyabr ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) hazırladığı analitik material təqdim olunub. SİA-nın məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə SİTM rəhbəri Mübariz Əhmədoğlu regionda ay ərzində baş verən proseslərə toxunub.
Keçən ay əldə olunan AGRI razılaşmasının Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan bacarığını ortaya qoyduğunu deyən SİTM rəhbəri qeyd edib ki, ötən bir ay ərzində rəsmi Bakı siyasi arenada bir sıra uğurlar əldə edib: "Azərbaycan Türkiyə ilə yüksək səviyyəli strateji əməkdaşlıq müqaviləsi imzalayıb. Rusiya ilə münasibətlərimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan prezidenti ABŞ prezidenti Barak Obama ilə görüşüb. Azərbaycan bununla da bir daha müstəqil siyasət yeritdiyini göstərib".
Keyfiyyət dəyişikliklərin təkcə ABŞ, Rusiya və Türkiyə ilə münasibətlərdə deyil, həm də Dağlıq Qarabağ məsələsi ilə bağlı müşahidə edildiyini deyən M.Əhmədoğlu bildirib ki, Ermənistan münaqişə ilə bağlı bir-birilə əlaqəli olan 3 elementlə çıxış edir: "Bunlardan birincisi, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı bu ölkədə səslənən fikirlərdir. Ermənistan hələ də qəti qərara gələ bilmir ki, Dağlıq Qarabağın müstəqilliyini tanısın, ya yox. Bununla bağlı absurd fikirlər səslənir. Belə fikir səslənir ki, Ermənistan və Dağlıq Qarabağ konfederasiya yaratsın. Fikirləşmirlər ki, konfederasiya yaratmaq üçün ən azı iki müstəqil subyekt lazımdır. Dağlıq Qarabağ isə tanınmamış qondarma qurumdur. Digər tərəfdən qondarma qurumda 20 minlik hərbçidən yalnız 1875-i Dağlıq Qarabağın özündə olan ermənilərdir. Bu necə konfederasiya ola bilər. İkinci məsələ ordunun daxilində baş verənlərdir. Həm ordu-dövlət, həm ordu-cəmiyyət, həm də ordu daxilində kifayət qədər problemlər var. Erməni ekspertlər də qeyd edir ki, Serj Sarkisyan ordunun korrupsiyalaşmış vəziyyətdə qalmasında maraqlıdır. Üçüncü element isə müharibə başlayacağı təqdirdə Rusiyanın Ermənistana kömək edib-etməməsi məsələsidir. Ermənilər inanmır ki, müharibə olacağı təqdirdə Rusiya onlara kömək edəcək. Hətta Gümrüdəki hərbi baza ilə bağlı imzalanan protokolun ratifikasiya edilməməsi məsələsi müzakirə olunur. ABŞ və Rusiya arasında Dağlıq Qarabağda lokal müharibəyə razılıq haqqında razılaşmanın olması ilə bağlı Ermənistanda iddialar səslənir".
Şimali Qafqazda gedən proseslərin ümumilikdə region üçün ciddi təhlükə yaratdığını deyən M.Əhmədoğlu bu təhlükənin Ermənistan olduğunu bildirib. O, heç kəslə yola getməməsinin Ermənistanın mahiyyəti olduğunu qeyd edib. SİTM rəhbəri hesab edir ki, Qafqazda qlobal oyunçuların sayı azaldılmalıdır: "Ermənistan regiona Çini gətirir. Bu birbaşa Ermənistanın və Çinin antitürk siyasətini göstərir. Bu da Çinin uyğur problemi ilə bağlıdır. Türkiyə Orta Asiyada və Çinin daxilində Çindən ona qarşı yönələn təhlükələrə cavab verə bilmirsə, Cənubi Qafqazda bu cavabı verə bilər".
İranın nüvə texnologiyasının dinc məqsədli olmadığını söyləyən SİTM rəhbəri bildirib ki, dinc məqsədlər üçün uranın 3-5% zənginləşdirilməsi belə kifayət edir: "Halbuki İran uranın zənginləşdirmə faizini getdikcə artırır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB