Prezident İlham Əliyev Kəngərli rayonunun mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Kəngərli rayonunun mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsinin açılışında iştirak edib

Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Kəngərli rayonuna gəlib. SİA-nın məlumatına görə, dövlət başçısı ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsinin açılışında iştirak edib.

Abidənin yerləşdiyi ərazidə geniş abadlıq-quruculuq işləri aparılıb.

Daha sonra Prezident İlham Əliyev Şərur rayonunun Yengicə kənd orta məktəbinin yeni binasının açılışında iştirak edib. Prezident açılışı bildirən lenti kəsib və bina ilə yaxından tanış olub.

Məlumat verilib ki, məktəbin 130 ildən çox yaşı olan köhnə binası sonuncu dəfə 1986-cı ildə təmir edilib. Uzun müddət yararsız vəziyyətdə olan təhsil ocağı üçün yeni binanın tikintisi uğurla başa çatıb. Üçmərtəbəli yeni binada hazırda 306 şagird təhsil alır. Onların təlim və tərbiyəsi ilə 45 müəllim məşğul olur. Yeni binada 568 şagird yeri vardır. Otaqlar və fənn kabinetləri müasir standartlara cavab verən dərs ləvazimatları və avadanlığı ilə təchiz olunub.

Səkkiz min nüsxəyə yaxın ədəbiyyat fondu olan kitabxanada Heydər Əliyev guşəsi yaradılıb. Kompyuter otaqlarında şagirdlərin informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün bütün texniki imkanlar mövcuddur. Sinif otaqlarının hər birində internetə qoşulmuş 19 kompyuter qoyulub.

Məktəbdə dərslərin elektron formatda keçilməsi üçün elektron lövhə ilə təmin edilmiş iki kabinet fəaliyyət göstərir. Təhsil ocağında zəruri materiallarla təchiz olunmuş hərbi kabinet də vardır. Müxtəlif idman qurğularının quraşdırıldığı zalda mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bir sözlə, üç korpusdan ibarət olan məktəbdə təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur yaradılıb.

Dövlətimizin başçısı yaradılmış şəraiti yüksək qiymətləndirib, kollektivə uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə