”Gənclər üçün krizis telefon xətti”nə zəng vuran şəxslərin 80%-i qadınlardır

”Gənclər üçün krizis telefon xətti”nə zəng vuran şəxslərin 80%-i qadınlardır

Problemi olan gənclərin mütəxəssislərə birbaşa müraciəti, lazımi məsləhətlərin təxirəsalınmaması və anonimliyinin qorunması, daxil olmuş zənglər haqqında məlumatın xüsusi kodifikator vasitəsi ilə qeydə alınması, bu və digər mühüm aspektlər 5 aprel 2006-cı il tarixindən Gənclər və İdman Nazirliyinin dəstəyi və "İnkişaf naminə təşəbbüs" İctimai Birliyi tərəfindən fəlayyətə başlamış "Gənclər üçün krizis telefon xətti" nə şamil edilə bilər.

SİA-nın məlumatına görə, Beynəlxalq tövsiyyələrə uyğun olaraq fəaliyyət göstərən xətt "gənclərə dost" xidmətdir ki, onun da mövcudluğu ərzində 20 mindən çox müraciət olub. Müəyyən edilib ki, zəng vuran şəxslərin 80%-ni qadınlar təşkil edir.

Ümumiyyətlə orta hesabla hər zəng 10-15 dəqiqə müddətində olur ki, bəzi hallarda ünsiyyət 40-50 dəqiqəyədək davam edir.

Xidmətə müraciət edən gənclərin ən çox üzləşdiyi problemlər şəxslərarası münasibətlər, ailədə konfliktlər, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, yaxın adamın itkisi, məşğulluq problemləri, gəncə qarşı zorakılıq, alkoqola və narkotiklərə qurşanma və s.

Qaldırılan problemlər və zəng edənin yaşı, cinsi, sosial qrupa mənsubiyyəti təhlil edilir. Bu da müasir dövrdə gənclərin əsasən hansı səbəblərdən psixoloji böhran vəziyyətinə düşdüyünə aydınlıq gətirməyə köməklik edir.

Krizis xəttinin əsas məqsədi böhran vəziyyəti yaşayan gənclərə təcili psixoloji yardım göstərmək, özünə və ətrafdakılarına qarşı təhlükəli ola biləcək əməllərin qarşısını almaq, böhranın əmələ gəlməsi ilə əlaqədar olan faktorları araşdırmaqdır.

Xidmət həftə içi fəaliyyət göstərir. Bütün zənglər pulsuzdur və məxfilik tam olaraq təmin olunur. Xətdə işləmək üçün ali təhsil almış psixoloqlar seçilir və əlavə olaraq onlar üçün beynəlxalq metodikalar üzrə xüsusi treninqlər təşkil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə