Sabah Elmlər Akademiyası metrosunun yaxınlığında jurnalistlər hepatitə qarşı pulsuz müayinə olunacaqlar - Elan

Sabah Elmlər Akademiyası metrosunun yaxınlığında jurnalistlər hepatitə qarşı pulsuz müayinə olunacaqlar - Elan
Sabah Elmlər Akademiyası metrosunun yaxınlığında jurnalistlər üçün pulsuz müayinələr aparılacaq. SİA-nın məlumatına görə, bu barədə təklif bu gün hepatit xəstəliyinə qarşı mübarizə kampaniyasının təqdimat mərasimində Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova tərəfindən irəli sürülüb. O bununla bağlı Türkiyədən hepatitlə bağlı pulsuz müayinələr keçirmək məqsədilə Səhiyyə Nazirliyinin dəvəti ilə ölkəmizə gələn "Viral Hepatit Savaş Dərnəyi"nin (VHSD) rəhbəri İsmayıl Balıka müraciət edib. O müraciətində müayinələrin bir gününü jurnalistlər üçün təşkil olunmasını istəyib. S.Yusifova söyləyib ki, gün ərzində işləri ilə əlaqədar olaraq insanlarla ən çox təmas quran medai nümayəndələri olduqları üçün onların müayinədən keçməsi çox vacibdir. O vurğulayıb ki, hazırda ölkəmizdə sosial vəziyyəti aşağı olanlara jurnalistlər də daxil olduqları üçün onların pulsuz müayinələrə ehtiyacı var.

Bu təşəbbüsü yüksək qarşılayan İ.Balık jurnalistlər üçün müayinənin 6 oktyabr, yəni sabah saat 11:00-dan başlayaraq Elmlər Akademiyası metrosunun yaxınlığında təşkil olunması ilə razılaşıb. Razılaşmaya əsasən jurnalistlər 3 saat ərzində həmin əraziyə gələrək pulsuz müayinə ola biləcəklər.

Qeyd edək ki, hepatit xəstəliyinə qarşı mübarizə kampaniyasına bu gündən start verilib. İlkin pulsuz müayinələr Xəzər rayonunda Əzizbəyov metrosunun yaxınlığında aparılacaq. Növbəti müayinələrin Bakının digər rayonlarında və bölgələrdə aparılacağı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə