Bu gün Beynəlxalq müəllimlər günüdür

Bu gün Beynəlxalq müəllimlər günüdür
Beynəlxalq müəllimlər günü, 5 oktyabr - Bu tarixin qeyd edilməsinə dair qərarı ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO verib. Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir.

Azərbaycanda da bu tarix təntənəli şəkildə qeyd olunur. Hazırda ölkədəki 4529 ümumtəhsil məktəbində təhsil alan 1 milyon 352 min 500 şagirdin təlim-tərbiyəsi ilə 168 min 356 müəllim məşğul olur.

Hər kəs özünün ibtidai məktəbdə, birinci sinifdə oxuduğu illəri xoş xatirə kimi anır və bu xatirələrdə ən əziz yeri, əlbəttə ki, ona sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən müəllim tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıblar.

Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirib, müəllim haqqında xoş sözlər söyləyib. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalıb. O, deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

Qeyd edək ki, ötən gün prezident İlham Əliyev təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir qrup təhsil işçisi "Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Əməkdar Müəllim" fəxri adına layiq görülüb.

Bayramınız mübarək, əziz müəllimlər!

Bütün xəbərlər Facebook səhifəmizdə