Azər Həsrət: “Smit Azərbaycana qarşı yeni hücum cəbhəsi açmaq istəyir” AÇIQLAMA

Azər Həsrət: “Smit Azərbaycana qarşı yeni hücum cəbhəsi açmaq istəyir” AÇIQLAMA

"Ümumiyyətlə ABŞ-ın Helsinki Komissiyası Azərbaycanla bağlı həmişə müzakirələr, dinləmələr keçirəndə birtərəfli mövqedən çıxış edib. Xüsusən də bu müzakirə və mövzularla bağlı məsələlərdə ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smit, eyni zamanda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin fəallığını müşahidə etmişik. Bu dəfə də biz görürük ki, həmin təşəbbüsdə olan şəxs Kristofer Smitdir. Bu şəxsin mövqeyi hamımıza, eləcə də dünyada bəllidir. Yəni bu adam rəsmən Ermənistanın tərəfindədir. O bütün varlığı ilə ermənilərin mənafeyini müdafiə edir. Həmçinin qondarma soyqırım məsələsində Ermənistanın tərəfində durur və Türkiyəni ittiham edir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Smit Dağlıq Qarabağ məsələsində də Azərbaycana qarşı çıxışları, mövqeyi ilə tanınır: "Belə bir adamın başçılığı altında dinləmələrin keçirilməsi təbiidir ki, başqa şeylərdən xəbər verir. Bu sadəcə ikili standart deyil, həmçinin qərəzdir və bir ölkəyə qarşı ədalətsiz yanaşmadır. Biz ABŞ-ı dünyada əslinə qalanda demokratiyanın dayağı kimi görmək istəyirik. Amma görürsünüz ki, zaman-zaman ABŞ-dan bu cür səslər yüksəlir. Burada nəinki demokratiyadan, elementar ədalətdən belə danışa bilmirik. Baxın, Kristofer Smit Helsinki Komissiyasında indi bu müzakirəni təşkil etməklə Azərbaycana qarşı yeni hücum cəbhəsi açmaq istəyir. Yəni onların dərdi heç də Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi deyil. Onların əsas məqsədi Ermənistanın ayağını gücləndirmək, ona yeni yardımlar üçün imkanlar yaratmaqdır. Ümumiyyətlə qlobal səviyyədə Ermənistanın məzlum bir ölkə olduğunu yenidən gündəmə gətirməkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə