MSK sədri: "AXCP-Müsavat” siyasi partiyalar blokunun oktyabrın 10-na mitinq təyin etməsi qanun pozuntusudur” - MÜNASİBƏT
""AXCP-Müsavat" blokunun oktyabrın 10-na mitinq təyin etməsi qanun pozuntusudur". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında sözügedən mitinqin təbliğat sayılıb-sayılmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Oktyabrın 15-ə qədər təbliğat-təşviqat kampaniyasının aparılmasının qanunsuz olduğunu deyən MSK sədri bildirib ki, belə bir pozuntuya yol verən istənilən partiya cəzalandırılacaq: "Bu Seçki Məcəlləsinə zidd olan bir şeydir. Təbliağat-təşviqat kampaniyası oktyabrın 15-dən sonra, özü də müəyyən olunmuş yerlərdə aparıla bilər".
Milli Məclis seçkilərinə namizədliyi irəli sürülən və hazırda bir sıra vəzifələri icra edən şəxslərin açıqlamalarına gəlincə, MSK sədri bunun qanunazidd olmadığını bildirib: "Onlar millət vəkilliyinə namizəd olmaqla yanaşı həm də ictimai maraq kəsb edən vəzifələr icra edirlər. Onlar Milli Məclisdə, Milli Məclisin müxtəlif komitələrində bir sıra məsələlərlə bağlı çıxışlar edirlər. Bu da həmin şəxslərin vəzifələri ilə bağlıdır. Hesab edirəm ki, burada qəbahətli bir şey yoxdur və Seçki Məcəlləsinin əksinə olan nəsə axtarmaq düzgün deyil".
Virtual formada seçki təbliğatına da toxunan M.Pənahov genişlənən təbliğat imkanlarından müsbət mənada istifadə edilməsinin tərəfdarı olduğunu qeyd edib: "Lakin elə hallar da olur ki, texnoloji tərəqqinin nailiyyətlərindən əks istiqamətdə istifadə olunur. Hesab edirəm ki, Azərbaycan xalqının texnoloji tərəqqini müsbət mənada qiymətləndirə bilən bir xalq olması bu zaman da özünü göstərəcək".
MSK sədri imza vərəqələrin az olması və imzatoplayanlara göstərilən təzyiqlərlə bağlı səslənən fikirlərlə də razı olmadığını vurğulayıb: "İmza vərəqəsi necə az ola bilər ki, 450 imza lazım olunduğu halda, 600-700 imzalıq vərəqələr verilir. Ola bilər ki, imzatoplayanlara vətəndaşlardan fərdi formada mənfi davranış sərgilənib. Belə hallardan kimsə sığortalanmayıb. İstərdik ki, vətəndaşlar bu zaman müsbət davranış sərgiləsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB