Lənkəranın Kosalar kəndində Mionvo deyilən ərazidən daş abidə tapılıb. SİA-nın cənub bürosunun məlumatına görə, abidə adıçəkilən kənddə yaşayan həvəskar arxeoloq Cavanşir Həsənzadə tərəfindən qazıntı aparılarkən aşkar edilib.
Aşkar edilən daş abidənin üzərində başında tac və ağzından od püskürən mifik heyvan fiquru əks olunub. Üzərində müxtəlif işarələr və ulduzlarla şir bürcünü əks etdirən bu daş abidənin hündürlüyü təxminən 80 sm, eni 60 sm və çəkisi təqribən 60 – 80 kiloqramdır. Daş abidənin aşkar olunduğu 2 hektara yaxın ərazi vaxtilə kərpic hasarlarla əhatə edilib. Bu da ərazinin hər hansı bir qədim şəhərin və ya yaşayış məskəninin olmasına dəlalət edir.
Cavanşir Həsənzadə bildirib ki, Kosalar kəndindəki Mionvo deyilən ərazinin tarixi dəqiq məlum deyil. Ehtimal edilir ki, daş abidənin yaşı xəbər verildiyi kimi İX-Xİ əsrlərə yox, islamaqədərki dövrə gedib çıxır. Çünki orta əsrlərdə, yəni Islam dinin Azərbaycanda mövcud olduğu dövrdə daş abidənin və ya hər hansı heykəlin, fiqurun düzəldilməsi qeyri-mümkün idi və Mionvo ərazisinin tarixi də min illərə gedib çıxır və buranın hansısa bir zadəgan ailəsinə məxsus olduğu təxmin olunur.
Yerli sakinlərin sözlərinə görə, 200 il bundan əvvəl ərazidə sıx meşəlik olub. Burada ilk məskunlaşan adamlar həmin meşəliyi qırmağa məcbur olublar. Bundan sonra ərazidə qədim bir yaşayış məskəninin qalıqları aşkarlanıb, 1986-cı ildə isə Kosalar kəndində yeraltı tunellər də aşkar olunub.
Məlum olub ki, bu tunellər kəndin 4 fərqli istiqamətinə gedir. Həmin ərəfədə kəndin başqa bir hissəsində isə bir neçə küp qəbir aşkar edilib. Lakin, kənd sakinləri bildirir ki, həmin vaxt ərazidə xeyli miqdarda tarixi abidələr aşkar olunsa da, təəssüf ki, ərazi traktorlarla dağıdılaraq əkin üçün istifadəyə verilib. Odur ki, bu gün aşkar olunan daş abidə, həmçinin Mionvo ərazisi, o cümlədən Lənkəranın Kosalar kəndinin tarixi ciddi elmi- tədqiqata ehtiyacı var.
Qeyd edək ki, Cavanşir Həsənzadə aşkar etdiyi daş abidəni Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB