Əkbər Qoşalı: "Ümidsiz, inamsız olmamalıyıq" AÇIQLAMA

“ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında, Azərbaycan və Ermənistan prezidentlərinin bugün İsveçrənin Cenevrə şəhərində görüşü keçirilir. Uluslararası səviyyədə qəbul edilmiş, rəsmiyyət qazanmış şəkli ilə desək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, əsl adı ilə desək, Ermənitanın Azərbaycana elan olunmamış müharibəsinin sona çatması lazımdır”. Bunu SİA-ya açıqlamasında Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, işğalçı ölkənin öz havadarlarının dəstəyi ilə həyata keçirdiyi işğalın, hələ də bəzi böyük dövlətlər tərəfindən himayə edilən separatizmin, terrorizmin acı nəticələri uzandıqca, başqa separatçılar, terror qruplaşmaları da həvəsə gəlir, necə deyərlər, “ənənə” yaranır: “Əlbəttə, prezidentlərin görüşü həll prosesini müzakirə etmək üçündür. Yeni mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı haqsız ərazi iddiaları əsasında başlamış “Dağlıq Qarabağ münaqişəsi”nə çözüm aramağa gedən Serj Sarkisyanın səmimiyətinə inanmaq bu dünyanın ən çətin inam bəsləmə hadisəsi olardı... Şəxsən özü qatil olan Sarkisyanın komandası altında olan hərbçilər, danışıqlara saatlar qalmış, yenə cəbhədə təxribat törətdi, atəşkəsi pozdu. Rəsmi məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, ötən sutka ərzində atəşkəs rejimini 118 dəfə pozub. – Bax, “danışıqlardan nə gözləyirik?” sualına danışıqların bir tərəfi – işğalçı tərəf belə gedir...

Üstəlik, Rusiyanın, öz forpostuna yeni nəsil silahların alınması üçün 20 il müddətinə daha 100 milyon dollarlıq ixrac krediti verəcəyi bəlli olub. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib.

Ermənistana havadarlıq edən bir çox qurum və quruluşları bəsləyən ABŞ-ın Helsinki Komissiyası bugünlərdə növbəti Qarabağ dinləmələri keçirəcək. Oktyabrın 18-də keçiriləcək dinləmələrdə Dağlıq Qarabağda müharibə alovunun yenidən güclənməsinin mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusu müzakirə olunacaq. Bəs “Necə müzakirə olunacaq?” – bax, bu özü suallar doğurur...

Bu ölkələr ATƏTin Minsk Qrupunun həmsədrləridir. Üçüncü həmsdər ölkə Fransadır – yenə Ermənistana havadarlıqla xüsusi seçilən, “qondarma erməni soyqırımı”nı tanıyan, bu qon-darmaçılığı tanımayanlara qarşı cəzalar müəyyənləşdirən Fransa...

Bax, prezidentlər uzun fasilədən sonra, məhz bu fonda görüşəcək.

Bəs belə bir ortamda, işğalçı ölkə özünü necə aparacaq? Danışıqlar davam edəcək ya tamam dayanacaq? – bunlar son günlər mətbuatda, sosial şəbəkələrdə geniş müzakirələrə cəlb olun-maqdadır. Müzakirələrdən də göründüyü kimi, Cenevrə görüşü, artıq Avropanın özünün də baş ağrısına çevrilməkdə olan separatizm havasında, Azərbaycanın haqlılığını bir daha önplana çıxarmaqdadır. Üstəlik, cənab prezidentimizin şəxsən, habelə prezidentimizin yetki verdiyi diplomatların intensiv şəkildə, çoxtərəfli və ikitərəfli danışqları ölkəmizin həqiqətlərini dünyaya daha böyük ölçüdə çatdırmaqda, işğalçının iç üzünü açıb göstərməkdədir. Azərbaycan prezidentinin BMT-nin ali tribunasından yaxın günlərdə etdiyi tarix bu anlamda xüsusi fərqləndirilməlidir.

Bütün bu və bu kimi addımlar isə dostlarımızın sayını artırır, ikilistandart yürüdənləri fakt qarşısında qoyur.

Heç nəyə baxmayaraq, ümidsiz, inamsız olmamalıyıq.

Düşmən ölkə gün-gündən iqtisadi tənəzzülün dibinə sürüklənir, xarici borcları artır, əhalisi sürətlə azalır, erməni anaları öz oğullarını ədalətsiz müharibəyə göndərmək istəmir ya buna məcbur qalır... və bunun qarşılığında Azərbaycan gün-gündən güclənir. Öz gücünü 2016-cı ilin aprelində qısa zaman kəsiyində olsa da, dosta da, düşmənə də göstərən Azərbaycan ordusunun, Avropanın enerji təhlükəsizliyində, mədəniyyətlər, sivilizasiyalararası dialoqda, özünəməxsus töhfələrlə çıxış edən respublikamızın önəmini anlayan, nələrə qadir olduğumuzu bilən, bizi başa düşənlərin sayı getdikcə artır.

Beləliklə, həm digər separatizm hallarını nəzərə almaq məcburiyyəti, həm ölkəmizin önəmi, dövlətimizin apardığı işlər, Dağlıq Qarabağın müstəqilliyinin tanınması şansını sıfırlayaraq, Ermənistanı əvvəl-axır konstruktiv məcraya vadar edəcəkdir.

Onu da əlavə edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələri başçılarının oktyabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün Müdafiə nazirimiz, general-polkovnik Zakir Həsənov artıq Gürcüstan paytaxtındadır. Bundan az öncə isə nazirimizin Belarusa, daha öncə isə İsrailə səfər etdiyini bilirik. Yalnız iki-üç səfər faktının timsalında da görmək mümkündür ki, düşmən düşmənliyindən əl çəkməyincə, biz də öz strateji müt¬tə-fiqlərimizlə, dostlarımızla, tərəfdaşlarımız və maraqları bizimlə uzlaşan dövlətlərlə işbirliyini gücləndirəcək, nəticə etibarı ilə işğala son verməkçün nə lazımsa, onu artıqlamasıyla edəcəyik. Haqq incələr, üzülməz!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə