"Mən Cavaxkın hara olduğunu bilmirəm. Gürcüstan xəritəsində bir belə yer yoxdur". SİA-nın verdiyi məlumata görə, bu sözləri İrəvanda iki günlük səfərdə olan Gürcüstan xarici işlər naziri Qriqol Vaşadze erməni həmkarı Edvard Nalbandyan ilə keçirdiyi mətbuat konfransında deyib.
Gürcüstanda 103 erməni məktəbinin olduğunu diqqətə çatdıran gürcü nazir bütün məktəblərin kompüterlərlə təchiz edildiyini və müəllimlərin təlim kurslarına cəlb edildiyini bildirib. Ölkənin erməni vətəndaşlarının təhsil problemlərindən danışan Q.Vaşadze qeyd edib ki, onlar yüksək səviyyədə təhsil almaq üçün gürcü dilini də öyrənməlidirlər: "Həm gürcülər, həm də ermənilər üçün bərabər imkanların yaradılması zəruridir".
Qeyd edək ki, Ermənistan parlamentinin deputatı, "Cavaxk" Yerlilər İttifaqının sədri Şirak Torosyan Gürcüstanın Samstxe-Cavaxetiya bölgəsindəki ermənilərin hüquqları mütəmadi pozulduğunu və onların problemlərinin bitib-tükənmədiyi iddia edir. Gürcüstan Siyasi Tədqiqatlar Mərkəzinin direktor müavini Vaxtanq Merabaşvili isə bir müddət əvvəl verdiyi açıqlamasında bildirib ki, Samtsxe-Cavaxetiyadakı ermənilərin "problemləri" məsələsi İrəvandakı hakimiyyət dairələri tərəfindən süni şişirdilərək Tiflisə təzyiq vasitəsi sayılır: "Ermənilər artıq neçə ildir ki, Samtsxe-Cavaxetiyada kompakt yaşayan soydaşlarına erməni dilindən regional dil qismində istifadə etmələrinə şərait yaradılmasını tələb edirlər. Bu tələblərin arxasında nələrin durduğunu biz də anlayırıq. Yalnız ona təəssüflənirik ki, Rusiyanın təzyiq alətinə çevrilmiş Ermənistan hakimiyyəti və ölkədəki siyasi təşkilatlar qonşularına qarşı belə siyasət yürüdür, hansısa dividentlər əldə edə biləcəklərini düşünürlər".
Onun sözlərinə görə, əslində regional dil statusunu tələb etməkdə Gürcüstandakı azərbaycanlılar daha çox imkan və hüquqlara malikdir: "Çünki, Avropa Şurasının milli azlıqların hüquqları və regional dillərin müdafiəsi konvensiyalarına görə, ölkə əhalisinin 20%-ni təşkil edən milli azlıq doğma dilindən təhsil və məhkəmə proseslərində istifadə edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB