Qulamhüseyn Əlibəyli: “Partiyanın təbliğat-təşviqat kampaniyası üçün maliyyə imkanları azdır”
Aydınlar Partiyasının "Qarabağ" siyasi partiyalar bloku daxilində irəli sürdüyü namizədlər hal-hazırda imzatoplama kampaniyasını davam etdirir. SİA-ya bu haqda açıqlama verən partiyanın sədri Qulamhüseyn Əlibəyli əksər seçki dairələrində imzalar toplandığını, imzaların yoxlanıldığını və dairə seçki komissiyalarına təqdim olunmaq üçün hazırlandığını bildirib.
İlk olaraq 12 namizəd irəli sürdüyünü deyən Q.Əlibəyli daha sonra blokda təmsil olunan digər partiyalarla, Ümid və və Azərbaycan Demokrat partiyaları ilə aparılan danışıqların nəticələrinə görə, namizədlərin 10-a endirildiyini vurğulayıb: "Ümumi razılaşma əsasında olub. Blokdakı digər partiyalar da xeyli namizədini geri çəkdilər. Məcbur olduq ki, biz də namizədlərimizin sayını azaldaq. Hesab etmirəm ki, namizədlərimizin sayı azdır". Rəhbərlik etdiyi siyasi partiyanın məhz "İslahat" blokunu seçməsinə gəlincə, bunu daha çox həmin partiyaların məramı, seçki taktikası ilə bağlı olduğunu qeyd edib: "Bu partiyaların seçki taktikası, qarşıya qoyduğu məqsədlər, həmçinin adı bizi cəlb etdi. Azərbaycanın bir çox problemləri var. Məlumdur ki, onlardan ən böyüyü Dağlıq Qarabağ problemidir. Hesab edirəm ki, bu ad Azərbaycan xalqı üçün də əziz olan bir addır. Bundan əlavə bloklar yaradılanda qapısı digər partiyalar üçün açıq və bağlı olanlar olur. Məsələn "AXCP-Müsavat" siyasi partiyalar bloku yaradılan zaman bəyan etmişdilər ki, bu yalnız iki partiya arasında yaradılan blokdur. Həm AXCP-nin, həm də Müsavatın müttəfiqləri bu prosesdə iştirak etmədilər. "Qarabağ"ı digər partiyalar üçün açıq olduğu və bizim məqsədlərimizə, dəsti-xəttinə uyğun olduğu üçün seçdik".
Yarandığı 2008-ci ildən indiyə kimi, partiyada müəyyən qədər həm sosial baza, həm də rayon təşkilatlarının sayı baxımından irəliləyiş olduğunu söyləyən Q.Əlibəyli hal-hazırda 60 rayon təşkilatının fəaliyyət göstərdiyini bildirib. O, həmçinin partiyada kəmiyyət artımına görə deyil, daha çox keyfiyyət artımına diqqət yetirdiklərini dilə gətirib.
İmzatoplama kampaniyası zamanı yerli icra strukturlarının namizədlərə təzyiqlərin etməsi ilə bağlı bir sıra müxalifət partiyalarının bəyanatlarına da toxunan partiya sədri sözlərinə görə əsas çətinliklər lazım olmayan sənədlərin tələb edilməsidir: "Mənim özümdən də ali təhsil haqqında sənədin surətini istəyiblər. Halbuki bu təlimatda nəzərdə tutulmayıb. İmzatoplama kampaniyası zamanı da bir çox dairələrdən aldığımız məlumata görə, irəli sürdüyümüz namizədlərə yerli icra strukturları tərəfindən müxtəlif formalarda təzyiqlər edilib. Namizədliyimi irəli sürdüyüm 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən Cəlilabad təhsil şöbəsinin müdiri, rayonun icra hakimiyəti imza toplayan səlahiyyətli nümayəndələrinə təzyiq ediblər. Onlara təklif olunub ki, prosesdə iştirak etməsinlər. Təəssüfləndirici haldır ki, bütün dairələrdə bu kimi hallara rast gəlinir".
Müxalifətin parlament seçkilərində uğur qazanma ehtimalına gəlincə Aydınlar Partiyasının sədri hesab edir ki, burada iki məqamı nəzərə almaq lazımdır: "Faktiki və hüquqi baxımdan nəticələr çox mühümdür. Faktiki cəhətdən hesab edirəm ki, müxalifət əksər dairələrdə uğur qazana bilər. "Qarabağ"ın irəli sürdüyü namizədlərin qeydə alınması prosesi normal keçsə, seçkilərdə uğur əldə edə bilər. Sonrakı məsələ isə uğurun hüquqiləşdirilməsidir. Söhbət qazanılan səslərin oğurlanmamasından gedir".
Keçən seçkilərdən fərqli olaraq qarşıdan gələn parlament seçkilərində müxalifətin boykot taktikasını seçməməsinə də münasibət bildirən Q.Əlibəyli bu taktikanın siyasi mübarizədə istifadə olunan mümkün variantlardan biri olmasına baxmayaraq ziyanlı nəticələrə də gətirib çıxara biləcəyini vurğulayıb. Partiya sədri namizədlərin təbliğat-təşviqat kampaniyasını aparmaq üçün lazım olan maliyyə vəsaitinin də az olduğunu deyib: "Dövlətin keçən seçkilərdə ayırdığı maliyyə vəsaiti kəsildiyindən namizədlər məcburdur ki, hərəsi özünün malik olduğu maliyyə vəsaiti ilə təbliğatını quracaqlar".
"2008-ci ildə prezident seçkisində iştirak edən Qulamhüseyn Əlibəyli 2013-cü il üçün nə düşünür" sualına isə müsahibimiz belə cavab verib: "Hesab edirəm ki, hər bir partiya, hər bir siyasətçi seçkilərdə iştirak etməlidir. 2013-cü ilə xeyli vaxt qalmasına baxmayaraq deyə bilərəm ki, prinsip etibarilə növbəti prezident seçkisində də iştirak etmək partiyamızın taktikasına uyğundur".
Q.Əlibəyli müxalifətin radikal və konstruktiv müxalifət olaraq bölünməsinin də əleyhinə olduğunu diqqətə çatdırıb: "Müxalifətin bu şəkildə bölməyinin tərəfdarı deyiləm. Hesab edirəm ki, hakimiyyətin siyasətinə alternativ variantlar ortaya çıxaran, hakimiyyətin səhvlərini tənqid edən bütün partiyalar müxalifətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB