Somalidə ölənlərin sayı 276-ya yüksəlib 300-dən çox yaralı

Somalinin paytaxtı Moqadişoda baş vermiş terror hadisəsi nəticəsində ölənlərin sayı 276 nəfərə çatıb, 300 nəfərdən çox insan isə yaralanıb. SİA xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Abdurəhman Osman şəxsi tvitter səhifəsində yazıb.

“Hazırkı vaxta qədər ölənlərin sayı 276 nəfərə qədər artıb, 300-ə yazın şəxs isə Moqadişoda “Əş-Şəbəb” qruplaşmasının terrorçularının vəhşi hücumu nəticəsində yaralanıb”-deyə, nazir qeyd edib.

Daha öncə isə 237 nəfərin öldüyü barədə xəbər verilmişdi.

Bununla yanaşı, hökumət rəsmiləri ölü sayının artacağını da istisna etmir. Belə ki, xilasedicilər güclü partlayış nəticəsində baş vermiş dağıntıların altından cansız bədənləri çıxarmaqda davam edir.

Xatırladaq ki, ötən şənbə Moqadişonun ən sıx bölgəsində yerləşən Safari otelinin yaxınlığında partlayıcı ilə yüklənmiş yük avtomobili partladılıb. Polislər bildirir ki, terror aksiyasının hədəfi məhz otel olub.

Somalidə üç günlük matəm elan edilib. Ölənlərin isə milliyyətləri ictimaiyyətə açıqlanmır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə