Beynəlxalq konfransın iştirakçıları görüşlər keçiriblər

Beynəlxalq konfransın iştirakçıları görüşlər keçiriblər

Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən Beynəlxalq konfransın iştirakçıları ilə Azərbaycan Respublikası Milli Məclisində və Müdafiə Nazirliyində görüş keçirilib.

SİA-nın verdiyi məlumata görə, hər iki görüşdə Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsinin heç də təsadüfi olmadığından, onun müasir dövrdə mühüm əhəmiyyət kəsb etməsindən danışılıb, faşizm üzərində İkinci dünya müharibəsində qələbədə mühüm amillərdən biri olmuş xalqların birliyinin bu gün də eyni təmayüllərin, neofaşizmin, separatçılığın, terrorçuluğun, milli, dini zəmində təzahür edən ekstremizmin qarşısının alınmasında əvəzsiz rolundan bəhs edilib.

Milli Məclisdə Beynəlxalq konfransın iştirakçılarını salamlayan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov Azərbaycanın İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr verməsindən, qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyinin, Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs etmiş, Azərbaycan xalqının və dövlətinin nəinki regionda, bütün dünyada sülhün qorunmasına bu gün də öz töhfəsini verdiyini vurğulayıb.

Beynəlxalq konfransın iştirakçılarını qəbul edən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsinin yaşadılmasının gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Bakıda keçirilən tədbirin bu baxımdan diqqətəlayiq olduğunu vurğulayıb.

Hər iki görüşdə həmçinin, Azərbaycanın bu gün erməni faşizmi ilə qarşılaşması, ərazisinin 20 faizinin 25 ildən artıq müddətdə Ermənistanın işğalı altında olması barədə qonaqlara məlumat verilmiş, Azərbaycan və onun problemlərinin həlli ilə bağlı təəssüf ki, həmişə ikili standartların tətbiq edildiyi bildirilib. Dövlət rəsmiləri ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlərdən danışıb, iki ölkə arasındakı münaqişənin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycan əsgərinin öz doğma torpaqlarını silah gücünə azad etməyə qadir olduğunu qeyd ediblər. Bu görüşlərdə eləcə də Respublika Veteranlar Təşkilatının fəaliyyəti, veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə danışilaraq, Azərbaycan Respublikasında bütün zümrədən olan veteranlara münasibətdə ardıcıl dövlət siyasətinin həyata keçirildiyi qeyd edilmişdir. Onlar hər il 9 may ərəfəsində İkinci dünya müharibəsi veteranlarının ölkə rəhbərliyi tərəfindən qəbul olunmaları, onların hər birinə 1000 manat, həlak olmuş döyüşçülərin dul qadınları və arxa cəbhə iştirakçılarına 500 manat birdəgəlik pul müavinəti verilməsini, bu insanların cəmiyyətdə ən hörmətli, nüfuzlu insanlar kimi qəbul edilməsini diqqətə çatdırıblar.

Beynəlxalq konfransın iştirakçıları adından İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini, general-leytenant Qaponenko Alfred Qriqoryeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək bu konfransın mühüm əhəmiyyət kəsb etməsindən həmin müharibədə qələbədə xalqıların birliyinin müstəsna əhəmiyyətini bir daha vurğulayıb, belə tədbirlərin və görüşlərin qələbə irsinin yaşadılmasındakı rolundan bəhs ediblər. Çıxış edənlər həmçinin, İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin saxtalaşdırılması cəhdlərindən danışıb, bunun yolverilməz olduğunu qeyd ediblər. Azərbaycan nümayəndələri ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən bu fəaliyyətə Azərbaycanın, onun veteranlarının daim öz qəti etirazlarını bildirmələrini xüsusi diqqətə çatdırıb, bütün veteranları bu mövqeni müdafiə etməyə səsləyiblər.

Beynəlxalq konfransın xarici ölkələrdən olan iştirakçıları konfransın işinin yüksək səviyyədə təşkilinə, hər iki qəbula, həmçinin Azərbaycanda gördükləri qonaqpərvərliyə görə, Azərbaycan dövlət və hökumət nümayəndələrinə, Respublika Veteranlar Təşkilatının rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldıqlarını qeyd ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə