Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün bu gün Strasburqda səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinə deputatlardan Gültəkin Hacıbəyli, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov və Sabir Hacıyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli təhlükəsizlik, ekstremizmlə mübarizə, valideyn qayğısından məhrum olan uşaqlar və təsisatlarda uşaqlarla qəddar davranış, insan haqları və biznes, Avropa Şurası İnkişaf Bankının strategiyası, Ukraynada demokratik təsisatların fəaliyyəti, Moldovada konstitusional referendumun nəticələri və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sessiyada Milli Məclisin deputatı Rafael Hüseynovun "Səs və işıq ifratları" adlı məruzəsi dinləniləcək, sənəd ətraflı müzakirə olunacaq. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxış edərək fikirlərini bildirəcəklər.
Səfər oktybarın 8-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB