Müxalifət müxalifəti ittiham edir TƏRS BAXIŞ

Müxalifət müxalifəti ittiham edir TƏRS BAXIŞ

Yaxud, mitinq oyunbazlığı “Milli Şura”nın mitinqləri böyük pulların yuyulmasına hesablanıb

“Milli Şura”nın sentyabrın 23-2 və oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi uğursuz və rüsyaçı mitinqlərinin ardınca, yenidən növbəti mitinq günü təyin etməsi nəinki onları dəstəkləməyən insanlar, eyni zamanda müxalifət daxilindən də qeyri-ciddi qərar olaraq qiymətləndirildi. Məsələ ondadır ki, AXCP sədri Əli Kərimlinin “Milli Şura” adlı oyuncaq qurumun adı altında oynadığı mitinq oyunbazlıqlarının hər biri eyni çıxışlara, şablon və özləri tərəfindən illər öncə hazırlanmış köhnəlmiş “tezislərə” söykənir, eləcə də orada “bəlağətli natiqlik” edən digərləri də həmçinin.

O cümlədən, fakt budur ki, vaxtilə Ə.Kərimli ilə yan-yana olmuş, ənənəvi düşərgədə fəaliyyət göstərmiş şəxslər də mitinqlərin sosial sifariş olmadığını, şəxsi məqsədlərə xidmət etdiyini dəfələrlə bəyan ediblər.

Alternativ AXCP funksioneri: “Ənənəvi müxalifətdə səmimi, dürüst lider yoxdur”

Misal üçün, Ə.Kərimlinin AXCP-nə alternativ olaraq yaradılmış digər AXCP-nin sədr müavini Ehtiram Mehdiyevə görə, “Milli Şura”nın mitinqləri yalnız maliyyə maraqlarına hesablanıb: “Bu gün insanlara siyasi oyunlar deyil, problemlərdən uzaq yaxşı güzəran lazımdır. Mitinqlərə insanların maraq göstərməməsinin səbəbi də elə budur. Xalq artıq aldadılmaqdan yorulub. 20 ildən çoxdur ənənəvi müxalifətin mitinq taktikası heç bir fayda vermir. Xalq eyni simalar, eyni vədlər, mitinqlər, pafoslu çıxışlar eşidir, amma lazım olan arzularına çata bilmir. Çünki, ənənəvi müxalifətdə o dəyişikliyi edə biləcək səmimi, dürüst lider yoxdur”.

Alternativ cəbhəçi funksioner digər ilginc nüansa da toxunaraq bu gün Ə.Kərimlinin ətrafında özlərini “müxalifətin lideri” kimi hiss edənlər barədə də fakir irəli sürüb. Misal üçün, “Milli Şura”da var-gəl edərək, özünü zorla müxalifətçilərə sırıyan Gültəkin Hacıbəylinin ötən mitinqlərdə erməni dəyirmanına su tökdüyünü xatırladan E.Mehdiyev əlavə edib ki, vaxtilə hakimiyyətin yanında olan, sonradan isə radikal müxalifət sıralarında yer alan G.Hacıbəyli heç vaxt öz davranışlarında səmimi olmayıb. Bu baxımdan, sabah onun “Milli Şura”nı tərk edib digər müxalifət qurumlarına üz tutacağı halda heç kim təəccüblənməməlidir.

Müxalifətçi funksioneri hesab edir ki, bgün “Milli Şura” 1000-2000 adamla mitinq keçirə bilər, lakin bu say bütövlükdə müxalifət demək deyil. Sadcəcə, Ə.Kərimlinin və ətrafının bundan artığına gücü çatmır.

Ehtiram Mehdiyev: “Hətta müxalifət birləşərsə, yenə o stadionu doldura bilməz”

Belə ki, “Milli Şura”ya qədər də kifayət qədər bənzər qurumlar yaradılıb, amma onların hər biri nəticə etibarilə ağır fiaskoya uğrayıb: “Baxın, mitinqlərdən sonra cəmiyyətdən hər hansı reaksiya da olmur. Eyni mitinqləri vaxtilə eyni simaların birləşdiyi “İctimai Palata” da edirdi. İllər keçdi, amma nə nəticə, nədə ki, simalar dəyişmədi. Dəyişən pullar oldu. “Milli Şura”nın mitinqləri böyük pulların yuyulmasına hesablanıb. Başqa sözlə desək, mitinq keçirib azalan maliyyələrini artırmaq istəyirlər. Ümumiyyətlə, müxalifət mitinqlərə hazır deyil. Çünki, ənənəvi müxalifətin heç bir sosial bazası yoxdur. Bütün müxalifət birləşsə, o, stadionu doldura bilməz”.

Beləliklə, fakt budur ki, bu gün müxalifətin özü həmin düşərgədəcə fəaliyyət göstərən və aksiyalar keçirərək, gücsüzlüyünü, zəifliyini və rüsvayçılığını sübuta yetirən “qüvvələri” rədd edir. Bu isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Ə.Kərimlinin növbəti mitinq gününü təyin etməsi heç nəyi dəyişməyəcək. Dəyişən sadəcə də hər mitinqdə insanların sayının azalması faktı olacaq ki, təkcə 23 sentyabr-7 oktyabr mitinqlərindəki iştirakçı fərqlərini müqasiyə edərsək, bunun şahidlərinə çevrilərik.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə