YAP monolit birliyə malik yüksək intellekti siyasi təşkilatdır

YAP monolit birliyə malik yüksək intellekti siyasi təşkilatdır

Bu gün YAP Yasamal rayon təşkilatının Şərifzadə küçəsi, 173 ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdən öncə, YAP-ın keçdiyi zəngin yolu əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Yaqut Sadıqova Yeni Azərbaycan Partiyasının 25 illik fəaliyyəti dövründə xalqımızın taleyüklü problemlərinin həllində müstəsna xidmətlərindən danışıb. O, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirib ki, bu gün 25 illiyini böyük təmtəraqla qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rola malikdir. O, Ulu Öndər Heydər Əliyev irsinin və siyasi dühasının ən layiqli varisi, YAP-ın Sədri, Prezident İlham Əliyevin ölkəmizin iqtisadi inkişafına, xalqımızın rifahının yüksəlməsinə göstərdiyi qayğıdan, gərgin və səmərəli fəaliyyətindən söz açıb. Rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır: "Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası, Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir".

T.Əhmədov çıxışında onu da bildirib ki, bu gün Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunan şəxslərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə