Regionlarda sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir

Regionlarda sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir
Zərdab rayonunda İqtisadi İnkişaf Nazirliyinin, Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Regionlarda sahibkarların maarifləndirilməsi"nə dair növbəti tədbir keçirilib.SİA-nın məlumatına görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən, Zərdab rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin baş məsləhətçisi Hüseyn Məmmədov, İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Mehdi Həsənov çıxış edərək dövlət başçısının rəhbərliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının uğurla davam etdirildiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb və regionlarda müasir texnologiyaların tətbiqi ilə yeni müəssisələrin yaradıldığını, iş yerlərinin açıldığını qeyd ediblər. Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarlıq fəaliyyətinin genişləndirilməsində maarifləndirmənin xüsusi əhəmiyyətini vurğulayıb O qeyd edib ki, sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi, onlara beynəlxalq təcrübənin öyrədilməsi, biznes tədrisi sisteminin təkmilləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması istiqamətində Mərkəz tərəfindən görülən işlər barədə məlumat verib. Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev "Biznesdə risklərin idarə edilməsi" və "Biznesin sığortalanması" mövzularında təqdimatlar keçirib. Daha sonra, sahibkarlara Bakı Biznes Tədris Mərkəzinin hazırladığı "Sahibkarlar üçün: sığorta haqqında zəruri biliklər" məlumat kitabçası və digər metodiki vəsaitlər də paylanılıb. Tədbir zamanı həmçinin, İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə yaradılmış www.b2b.az elektron ticarət portalı barədə sahibkarlara məlumatlar verililib.

Bütün xəbərlər Facebook səhifəmizdə