XİN Qırğızıstan prezidentini təxribatçı adlandırdı GƏRGİNLİK ARTIR

XİN Qırğızıstan prezidentini təxribatçı adlandırdı GƏRGİNLİK ARTIR

Bəlli olduğu kimi, Qırğızıstan prezidenti Almazbek Atambayev keçirilən dövlət mərasimi vaxtı Qazaxıstan hakimiyyətinin və şəxsən prezident Nursultan Nazarbayevin ünvanına kəskin ittihamlar səsləndirib. SİA-nın məlumatına görə, Qırğızıstan prezidentinin səbrini daşıran amil Qazaxıstanın onun ölkəsindəki seçkilərə müdaxilə etmək və keçmiş prezident Kurmanbek Bakiyevin adamlarına dəstək vermək cəhdləri olub və o buna görə bilavasitə qonşu respublikanın rəhbərliyini günahlandırıb.

“Mən istənilən halda təmiz seçkilər keçirəcəyəm”, - deyə qeyd edən Almazbek Atambayev əlavə edib ki, hər xalq öz hakimiyyətinə layiqdir: “Mən başa düşürəm, Qazaxıstan hakimiyyəti nəyə görə onları bizə sırımaq istəyir. Onlar Bakiyevi sevirlər. Bakiyevi hələ də Qazaxıstanda öz bayramlarına çağırırlar. Mən hətta Qazaxıstanın ən yüksək rütbəli şəxslərindən dəfələrlə eşitmişəm ki, Bakiyevlər düz eləyib insanları güllələyiblər”.

“Nursultan Abışeviç düz deyir ki, hətta Almatının ÜDM-i Qırğızıstanın ÜDM-indən beş dəfə çoxdur. Qazaxıstanın ÜDM-i Qırğızıstanın ÜDM-indən 20 dəfə çoxdur”,- deyə qeyd edən qırğız prezident əlavə edib ki, Qazaxıstan vətəndaşına düşən orta illik gəlir Qırğızıstandan 10 dəfə çoxdur: “Onda nəyə görə Qazaxıstanda pensiyalar Qırğızıstandan 10 dəfə yox, cəmi 1.5 dəfə çoxdur? Ona görə ki, Qazaxıstanın sərvətlərini oğurlayırlar. Bu gəlirlər Qazaxıstan xalqına gedib çatmır. Və biz onlara pis nümunə oluruq. Atambayev onlara pis nümunədir. Çünki ədalətli hakimiyyət nümunəsi ortaya qoyur. Bizim qonşu vilayətdə, Talasda heç də Qazaxıstandan pis yaşamırlar. Əgər biz adambaşına 10 dəfə çox gəlir əldə etsəydik pensiyalar da 10 dəfə çox olardı. Çünki mənim hakimiyyətidə Utemuratov kimi oliqarxlar (Bulat Utemuratov) olmayacaqdı, hansı ki, bizim babanovlar, sariyevlər və digərləri gedib qarşısında diz çökür”.

Almazbek Atambayev Qazaxıstan prezidentini şiddətli tənqidə məruz qoymaqda davam edərək daha sonra bildirib: “Mən Nazarbayevin Babanovla (Omurbek Babanov, Qırğızıstanın keçmiş baş naziri, prezidentliyə namizəd) görüşündə dediyi bu sözləri dəstəkləyirəm ki, yaxşı olardı Qırğızıstanda gənc prezident olsun. Lakin bizdə prezidentliyə ən yaşlı namizəd bu gün Nazarbayevdən 20 il gəncdir. Mən isə 16 il ondan gəncəm. Onda gənc prezident kimə lazımdır, bizə, yoxsa Qazaxıstana? Qazaxlar bizim qardaşlarımızdır. Bizim qanımız eynidir. Tarixi də yaxşı bilirik. Qazaxlar, biz 500 il bundan qabaq özlərinə Çingiziləri (Çingizxanın sülaləsi) özlərinə sultan seçdik. Amma hərdən elə təəsürat yaranır ki, Qazaxıstanı qazaxlar yox, çingizilər idarə edir. Bizi öyrətmək lazım deyil, biz öz yolumuzu tapmışıq və bu yolla gedəcəyik".

Qırğızıstan prezidentinin cavabı gecikməyib və Qazaxıstanın xarici işlər nazirli rəsmi məlumat yayaraq, Almazbek Atambayevin məlum fikirlərini cəfəngiyyat adlandırıb. XİN-in məlumatında həmçinin bildirilib ki, Atambayev həmin çıxışı ilə məsuliyyətsizlik edərək təxribatçı fikirlər önə sürüb. “Əminliklə bəyan edirik ki, Qırğızıstan prezidentinin seçkilər öncəsi qəsdən səsləndirdiyi məsuliyyətsiz, təxribatçı və yalan iddiaları ölkələrimiz arasındakı çoxəsrlik dostluq və qardaşlıq bağlantılarına zərər vurmayacaq”-deyə rəsmi bəyanatda vurğulanır.

Bu arada əldə edilən digər məlumata görə, Qırğızıstanın prezidenti Rusiyaya səfərini təxirə salıb. Belə ki, oktyabrın 10-11-də Soçidə MDB ölkə başçılarının görüşləri planlaşdırılır. Almazbek Atambayevin yerinə həmin tədbirə baş nazir Sapar İsakov iştirak edəcək. Qırzğızıstan prezidentinin səfərini təxirə salmasına səbəb kimi seçkilər öncəsi ölkədə təxribatların baş verməsi təhlükəsinin yaşanması göstərilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə