Prezident İlham Əliyev: "Hər il Azərbaycanın dövlət büdcəsində səhiyyə məsələlərinin həlli üçün kifayət qədər vəsait ayrılır"
Azərbaycan Tibb Universitetinin yeni terapiya korpusunun açılışı çox gözəl və əlamətdar hadisədir. SİA-nın məlumatəna görə, bu fikirləri Tibb Universitetinin tədris-terapevtik klinikasının açılış mərasimində dövlət başçısı İlham Əliyev səsləndirib.
"Üç il bundan əvvəl - 2007-ci ilin sentyabrında burada bu gözəl binanın təməl daşını qoyduq. Mən əmin idim ki, qısa müddət ərzində və böyük keyfiyyətlə yeni gözəl xəstəxana, eyni zamanda, tədris mərkəzi yaradılacaqdır. Belə də oldu. Bu gün bu korpusla tanış olarkən bir daha gördüm ki, bizim tərəfimizdən qəbul edilmiş qərar çox düzgün qərar idi, vaxtında atılmış addım idi. Biz bu gün gözəl tibb ocağının açılışında görüşürük. Burada həm müalicə, həm diaqnostika, eyni zamanda, tədris prosesinin yüksək səviyyədə təşkili üçün ən qabaqcıl texnologiyalar, avadanlıq və bütün müasir imkanlar vardır. Eyni zamanda, bütün işlər böyük zövqlə, keyfiyyətlə görülüb və burada tələbələrin oxuması, müəllimlərin işləməsi üçün bütün şərait yaradılıbdır. O da çox vacibdir ki, artıq tələbələr şəhərin müxtəlif yerlərinə getməyə məcbur olmayacaqlar. Burada 15 kafedra fəaliyyət göstərəcək və beləliklə, tədris prosesinin daha da səmərəli aparılması üçün yaxşı imkanlar vardır", İlham Əliyev deyib.
Ölkə prezidentinin sözlərinə görə, atılan bu addım Azərbaycanda səhiyyə sahəsində görülən işlərin bir nümunəsidir. "Belə işlər çoxdur və bildiyiniz kimi, son illərdə həm Bakıda, həm də ölkəmizin müxtəlif yerlərində yeni, müasir tibb mərkəzləri yaradılıbdır. Hər bir bölgədə həm müalicə-diaqnostika mərkəzləri, rayon, şəhər xəstəxanaları tikilir və təmir olunur. Yəni, biz bu sahəyə çox böyük diqqət göstəririk. Çünki insanların sağlamlığı bizim üçün əsas məsələdir. Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün imkanlar vardır və dövlət öz tərəfindən bu sahəyə böyük investisiyalar qoymaqla bu vacib missiyanı yerinə yetirir", dövlətimizin başçısı qeyd edib.
Prezident bıldırıb ki, öz növbəsində, həkimlər də elə etməlidirlər ki, xəstələrə lazımi səviyyədə xidmət göstərilsin: "Azərbaycanda ən qabaqcıl təcrübə tətbiq olunmalıdır. Həkimlər öz biliklərini, peşəkarlığını daim artırmalıdırlar ki, dünyanın aparıcı ölkələrində mövcud olan bütün texnoloji proseslər Azərbaycanda da tətbiq edilsin. Yəni, təkcə gözəl klinikaların tikilməsi ilə işimiz bitmir. Əsas odur ki, bu gözəl şəraitdən səmərəli istifadə olunsun və xəstələrə lazımi səviyyədə tibbi xidmət göstərilsin. Azərbaycan dövləti isə bundan sonra da səhiyyə məsələlərinin həlli üçün səylərini davam etdirəcəkdir. Bütün lazımi proqramlar da, iqtisadi inkişaf sayəsində əldə edilmiş maddi resurslar da vardır. Hər il Azərbaycanın dövlət büdcəsində səhiyyə məsələlərinin həlli üçün kifayət qədər vəsait ayrılır".
"Mən xatırlayıram, üç il bundan əvvəl universitetin rektoru məsələ qaldırmışdı ki, eyni zamanda, cərrahiyyə korpusunun tikintisinə də ehtiyac vardır. Bu məsələyə də müsbət reaksiya verildi və artıq gözəl cərrahiyyə korpusu tikilir. Ümid edirəm ki, yaxın zamanlarda yeni açılışda biz sizinlə görüşəcəyik. Bir sözlə, şəhərimizin bu hissəsi bir növ gözəl, müasir tibb şəhərciyinə çevrilir. Həm universitetin binaları - yeni korpus, cərrahiyyə korpusu, ondan sonra kliniki xəstəxana - əvvəlki illərdə Semaşko adlandırdığımız o xəstəxana da əsaslı təmir olundu, Səhiyyə Nazirliyi, yəni, böyük və müasir tibb mərkəzinə çevrilibdir. Mən ümid edirəm ki, siz bu gözəl şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz və xəstələrə lazımi səviyyədə kömək göstərəcəksiniz. Bir daha bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram", Prezident İlham Əliyev deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB