Ombudsman Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak edib
Tbilisidə Gürcüstanın Xalq Müdafiəçisinin təşkilatçılığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə "İnsan hüquqlarının müdafiəsində ombudsman institutunun rolu və təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib.
Ombudsman aparatından SİA-ya verilən məlumata görə, insan hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssis, təyyarə qəzasında faciəli surətdə həlak olmuş Polşa Respublikasının sabiq ombudsmanı Yanuş Koxanovskinin xatirəsinə həsr edilmiş toplantıda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova iştirak edib.
Konfransda ombudsman təsisatlarının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə fikir mübadiləsi aparılmış, rəy və təkliflər səsləndirilib. Konfransın "Ombudsmanın təsir imkanları: müsbət təcrübə və səmərəli fəaliyyət" adlı sessiyasına sədrlik edən E.Süleymanova Azərbaycanda ombudsman təsisatı, yeniliklər və müsbət təcrübə haqqında məlumat verib. O, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra dövlət başçısının Sərəncamı ilə həmin Konvensiyanın Fakültativ Protokolunda nəzərdə tutulmuş MPM funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin müəyyən edildiyini, bunun müvəkkilin işgəncələrlə mübarizə sahəsində apardığı fəaliyyətin daha da təkmilləşdirilməsinə imkan yaratdığını vurğulayıb.
E.Süleymanova Azərbaycan Prezidentinin müvafiq fərmanlarına əsasən həyata keçirilən məhkəmə-hüquq islahatları, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara və normativ-hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi barədə də məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB