ABŞ-İran münasibətlərində NÖVBƏTİ GƏRGİNLİK

ABŞ-İran münasibətlərində NÖVBƏTİ GƏRGİNLİK

Muhamməd Cəfəri: “Qətiyyətli və sərt cavab veriləcək”

“Əgər ABŞ İran Silahlı Qüvvələrinin elit qoşun növlərindən hesab edilən İslam İnqilabı Mühafizəçiləri Korpusunun (İİMK) adını terrorçu təşkilatlar siyahısına əlavə edərsə ABŞ-a qətiyyətli və sərt cavab veriləcək”. SİA xəbər verir ki, İran XİN-nin rəsmisi Bəhram Qaseminin fikirlərini “Tasnim” agentliyi yazıb.

Bundan bir müddət öncə, İİMK-nın komandanı, mayor Muhamməd Cəfəri ABŞ-a xəbərdarlıq şəklində İrana qarşı yeni sanksiyalar qəbul etməməsi tövsiyəsini verərək, bunun amerikalılar üçün heç də yaxşı nəticə verməyəcəyini demişdi.

Bu arada Rusiyanın araşdırmalar və proqnozlar institununun direktor müavini, politoloq Dmitri Yeqorçenkov “Ekonomika seqodnya”ya verdiyi açıqlamasında sözügedən məsələ ilə bağlı bildirib ki, İranın nüvə proqramı ilə bağlı yaranan təzyiqlər xarici siyasət faktoru ilə bağlıdır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp da bəyan etmişdi ki, yaxın günlərdə İranla əldə edilmiş nüvə razılaşmasını ləğv etmək niyyətindədir. Amerikalı prezidentin sözlərini “The Washington Post” qəzeti ictimailəşdirmişdi.

Nəşrə görə, Tramp hesab edir ki, sözügedən razılaşma ABŞ-ın maraqlarına cavab vermir və oktyabrın 12-də onun Yaxın Şərqdə sabitliyi pozan və terrorçuluqda ittiham edilən ölkə ilə bağlı yeni strategiyasını açıqlayacağı gözlənilir.

Qeyd edilir ki, mövcud ölçülərin götürülməsi 2015-ci ildəki razılaşmaya əsasən, İrana qarşı sanksiyaların aradan qaldırılması mövzusunu gündəmə gətirərək, həmin prosesin yenidən dirçəlməsinə, sanksiyaların bir daha işə salınmasına səbəb ola bilər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə