Prezident İlham Əliyev Nizami rayonunda salınması nəzərdə tutulan parkın ərazisi ilə tanış olub

Prezident İlham Əliyev Nizami rayonunda salınması nəzərdə tutulan parkın ərazisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Bakının Nizami rayonunda salınması nəzərdə tutulan parkın və burada quraşdırılacaq musiqili fəvvarənin ərazisi ilə tanış olub.

SİA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov salınacaq yeni parkın ərazisi ilə tanış olan dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, parkda postamenti 10 metr olmaqla 60 metr hündürlüyündə musiqili od fəvvarəsinin inşası nəzərdə tutulur.

Qeyd olunub ki, fəvvarənin postamenti yumru təpəcikdən ibarət olacaqdır. Fəvvarə 500 beton dayaq üzərində qurulacaqdır. Musiqili od fəvvarəsi ABŞ, Almaniya və İngiltərə istehsalı olan büllur və 316 L markalı paslanmayan metaldan hazırlanacaqdır. Tikinti işlərində ABŞ-ın və Almaniyanın "Schott Class", İngiltərənin "Aspinallis" şirkətləri iştirak edəcəkdir. Büllur işlərini İngiltərənin "Wilkinson pls" şirkəti həyata keçirəcəkdir. Musiqili işıqlandırma işlərini İtaliya mütəxəssisləri yerinə yetirəcəklər. Musiqili fəvvarə postamentin altında quraşdırılacaq avtomatlaşdırılmış sistem vasitəsilə idarə olunacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev ərazi ilə yaxından tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, parkda, həmçinin dünyanın ən nadir ağac və bitki kollarının əkiləcəyi nəzərdə tutulur. Parkın ərazisinə üç tərəfdən giriş olacaqdır. Kompleksin ətrafında insanların rahat istirahəti üçün hər cür şərait yaradılacaqdır.

Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev quraşdırılacaq musiqili od fəvvarəsinin maketinə də baxıb. Daha sonra salınacaq yeni parkın infrastrukturunu, yaşıllıq zolaqlarını, quraşdırılacaq musiqili od fəvvarəsini və əhaliyə göstəriləcək yüksək səviyyəli xidməti əks etdirən filmin nümayişi olub.

Yeni yaradılacaq parkın ərazisi və həyata keçiriləcək işlərlə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev kompleksdə inşaat işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq göstərişlərini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə