Cümşüd Nuriyev: “Rusiyanın sədaqətsizliyi Azərbaycanı İran üçün daha əhəmiyyətli edib” - MÖVQE

Cümşüd Nuriyev: “Rusiyanın sədaqətsizliyi Azərbaycanı İran üçün daha əhəmiyyətli edib” - MÖVQE

"Son zamanlar İran bölgədə təklənib, həm də Ermənistanın xəyanətkar addımlarını görəndən sonra rəsmi Tehran öz səhvini başa düşüb".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib. Onun sözlərinə görə, İranın Azərbaycana yaxınlaşmasının kökündə Azərbaycanın apardığı xarici siyasət, həmçinin Azərbaycan prezidentinin İran prezidentinə və xalqına xüsusi münasibəti dayanır. Politoloq hesab edir ki, Azərbaycanın qonşularla problem yaratmamaq siyasəti iki dövlətin yaxınlaşmasına gətirib çıxara biləcək amillərdən biridir: "İran Azərbaycanın düşməni olan Ermənistanla yaxın münasibətlər quraraq blokada vəziyyətində olan rəsmi İrəvana müəyyən sferalarda yardım edir. Bütün bunlara baxmayaraq, Azərbaycan digər dövlətlərdən fərqli olaraq öz ərazisindən hər hansı bir qonşu dövlətin ərazisinə daxil oluna bilməyəcəyi ilə bağlı qanun qəbul etdi. Rəsmi Bakı İranın Azərbaycana qarşı yürütdüyü soyuq münasibətinin müəyyən mənada istiqamətini dəyişdirməyi bacardı. İran həmçinin kifayət qədər ağıllı və eyni zamanda taktiki addımlar atan bir dövlətdir. Bu baxımdan digər problemlər ikinci, üçüncü dərəcəli olmağa başladı. İran bölgədə gücə malik olan bir dövlətdir və Azərbaycan qonşu ilə problemi olan bir dövlət olaraq yeni bir problem yaratmağa ehtiyac görmür. İran da bu addımı müsbət qəbul edir və Azərbaycana doğru irəliləyir. Xüsusilə İranın dini lideri Xomneyinin bəyanatından sonra İranda çox ciddi dəyişikliklər baş verdi. Bu bəyanatı verdikdən sonra müsbət dəyişiklik oldu. İran da qarşılıqlı maraq doğuran məsələlərdə Azərbaycanın tərəfində olduğunu ortaya qoydu. Bu baxımdan atılan addımlar Azərbaycanın yürütdüyü xarici siyasətinin uğuru kimi dəyərləndirilməlidir".

 

Politoloqun fikrincə, İran Azərbaycanın ağıllı siyasətini dərk etməyə başlayıb. O, iki dövlət arasında isti münasibətlərinin yaranmasında Rusiyanın İrana qarşı axıra qədər sədaqətli olmamasının da müəyyən rol oynadığını söyləyib ki, Rusiyanın sədaqətsizliyi Azərbaycan faktorunun önə çıxmasına xidmət etdi. Bütün hallarda İran ABŞ və İsraillə bağlı Azərbaycanın yürütdüyü siyasətdə rəsmi Tehranın əleyhinə olan bir şey olmadığını dərk edib: "Azərbaycan ABŞ-İran münasibətlərini içərisinə daxil olmadı. İran bunu dərk edib. Həmçinin Azərbaycan ABŞ-ın yürütdüyü siyasətin iştirakçısı olmaq istəmir. Düzdür, rəsmi Bakı beynəlxalq terrorizmə qarşı ABŞ-ın yanında olub və onu dəstəkləyib. ABŞ-ın təklif etdiyi İran sərhəddində ABŞ hərbi bazasını yerləşdirilməsi məsələsini isə Azərbaycan qəbul edə bilməzdi. Bunların hamısını İran çox gözəl başa düşür".

 

"İran-Azərbaycan münasibətlərinin istiləşməsi gələcəkdə Azərbaycan-ABŞ münasibətlərinin soyuqlamasına gətirib çıxara bilərmi" sualına cavab olaraq C.Nuriyev bildirib ki, ABŞ və Azərbaycan prezidentlərinin son görüşündən sonra çətin ki münasibətlərin üzərinə soyuqluq çöksün: "ABŞ Azərbaycanı kənarda saxlamaq istəyindən çıxış edirdı. Lakin 2008-ci ildə prezident İlham Əliyevin İstanbul sammitinə getməməsi və bundan imtina etməsi Azərbaycan dövlətinin iradəsini ortaya qoydu. İki il ərzində ABŞ-ın Azərbycana qarşı yürütdüyü siyasət Azərbaycanda çox ciddi bir reaksiya ilə qarşılandı və Azərbaycan mediasının da burada xüsusi xidməti oldu. Media cənab prezidentin bütün addımlarını dəstəklədi. ABŞ gördü ki, Azərbaycan öz milli maraqlarına cavab verən siyasət yürüdür. Ərazisi işğala məruz qalan bir dövlət işğalçılıq siyasətini nə qəbul edə, nə də onu dəstəkləyə bilər. Prezidentlərin son görüşündən sonra inanmıram ki, münasibətlərin soyuqlaşmasında yeni mərhələ başlasın".

Bütün xəbərlər Facebook səhifəmizdə