Sumqayıt şəhərində ictimai dinləmələr davam etdirilib

Sumqayıt şəhərində ictimai dinləmələr davam etdirilib

Xəbər verildiyi kimi, Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir. Növbəti ictimai dinləmə Sumqayıt şəhərində təşkil olunmuş, həmçinin bələdiyyələrin işi də müzakirə edilib.

SİA-nın məlumatına görə, ictimai dinləmədə şəhər icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.

Tədbiri Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev açıb.

Ombudsman iştirakçıları salamlayaraq ölkəmizin xüsusi yeri olan Sumqayıtda bu ictimai dinləmənin əhəmiyyətini vurğulayıb.

Müvəkkil qeyd edib ki, o xalq özünü qoruya bilir və inkişaf edir ki, onun vətəndaşları öz hüquqlarını və vəziyyəti dərk edir, səfərbər olur. O, dünyanı bürümüş ağır və çoxsaylı çətinliklərə baxmayaraq, 20 ilə yaxın müstəqil olan ölkəmizin bu sınaqlardan uğurla çıxdığını, Azərbaycanda digər sahələrlə yanaşı, insan hüquq və azadlıqların müdafiəsinin dövlətimizin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.

Ombudsman Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı 1988-ci ildə dünyaya gələn və şəhidlik zirvəsinə ucalması 18 iyun – Milli insan hüquqları gününə təsadüf edən Milli qəhrəmanımız Mübariz İbrahimovun şücaətini vurğulayaraq, onun ailəsinə yazdığı son məktubu iştirakçılara çatdırmış, bu igid, milli qəhrəman gizirin gənclərimizə nümunə olduğunu söyləyib.

E.Süleymanova respublikamızın digər regionları kimi, Sumqayıtda da uğurla icra olunan MFP və həmin sənədin istiqamətləri, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil qarşıdan gələn Parlament seçkilərini, seçki kampaniyasının davam etdiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini demokratik, azad seçkilərdə fəal iştirak etməyə çağırıb.

Tədbirdə Ombudsman bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.

Müzakirələrdə rayon prokuroru, polis rəisi, hakim, Dövlətqaçqınkomun əməkdaşı, məktəb direktorları, şəhər fəalları və digər iştirakçılar çıxış edərək, burada MFP və insan hüquqları üzrə geniş fəaliyyət, dövlət orqanlarının əməkdaşlığı, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, kriminogen durumun sabitliyi, narkotiklərlə mübarizə, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti, qaçqın və məcburi köçkünlərin, əhalinin zəif qruplarının problemlərinin diqqətdə saxlanılması, uşaqların təhsil hüquqlarının təmini, gənclərin tərbiyəsi və digər məsələlər barədə məlumat veriblər.

Müvəkkil habelə rayon rəhbərliyi ilə birgə şikayətçiləri qəbul etmiş, onların müraciətlərini araşdırmış və müvafiq tövsiyələr verib. İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama təcridxanasına baxış keçirilmiş, saxlanılan şəxslərlə söhbət aparılmış, onlara hüquqları izah edilib.

Həmin şəxslər burada saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Eyni zamanda sənədlərə baxış zamanı bir sıra pozuntular, habelə MST-də saxlanma şəraitində müəyyən çatışmazlıqlar aşkar edilib. Həmin nöqsanların aradan qaldırılması ilə əlaqədar müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilmiş və Ombudsman tərəfindən bu barədə Daxili İşlər Nazirliyinə müraciət olunacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə