Rəşad Bayramov: “AMİP bütün namizədlərinin seçki kampaniyasını dayandıra bilər”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 7 Noyabr 2010-cu il tarixinə təyin edilmiş parlament seçkilərinə irəli sürdüyü namizədlərdən 20-i imza vərəqələrini dairə seçki komissiyalarına təhvil verib. SİA-ya açıqlamasında bu haqda məlumat verən partiyanın seçki məsələləri üzrə katibi Rəşad Bayramov 3 nəfərin namizədliyini qeydə alındığını bildirib.
Azərbaycanda keçiriləcək parlament seçkilərinin ilkin mərhələsinin yekunlaşmaq üzrə olduğunu söyləyən R.Bayramov təmsil etdiyi partiya tərəfindən ilkin olaraq 70 nəfərin namizədliyinin irəli sürüldüyünü deyib. Əksər seçki dairələrində AMİP namizədlərinin yerli icra strukturlarının qanunsuz təzyiqi ilə üzləşdiklərini dilə gətirən AMİP-in seçki məsələləri üzrə katibi onlara namizədliklərini geri götürmələri barədə xəbərdarlıq edildiyini vurğulayıb.
Partiya sədri Yusif Bağırzadənin namizədliyinin də bu gün qeydə alındığını deyən R.Bayramov irəli sürülən namizədlərdən 13-nün təzyiqlərə görə, geri çəkildiyini bildirib: "22 saylı Nəsimi ikinci, 23 saylı Nəsimi-Səbail, 27 saylı Sabunçu ikinci, 28 saylı Sabunçu üçüncü, 29 saylı Səbail, 49 saylı Yevlax-Mingəçevir, 54 saylı Şabran-Siyəzən, 59 saylı Salyan, 66 saylı Biləsuvar, 73 saylı Lənkəran şəhər, 85 saylı Şamaxı, 114 saylı Şəki kənd birinci, 115 saylı Şəki kənd ikinci seçki dairələrində AMİP-dən namizədliyini irəli sürən üzvlər seçki kampaniyasının dayandırıblar. Buna səbəb isə namizədlərə yerli icra strukturları tərəfindən edilən təzyiqlərdir. AMİP bu kimi qanunsuz halların artmasından narahat olduğunu bildirir və hakimiyyətdən bunun qarşısının alınmasını qətiyyətlə tələb edir. Əgər proseslər bu cür davam edərsə, partiya göstərilən təzyiqlərin qarşısını almaq üçün qanunların imkan verdiyi vasitələrə, o cümlədən müxtəlif aksiyalara əl atmaq məcburiyyətində qalacaq".
R. Bayramov həmçinin diqqətə çatdırıb ki, proseslərin bu cür gedişi təqdirində partiyanın irəli sürdüyü bütün namizədləri seçki kampaniyasını dayandıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB