Böyük Britaniya səfiri cənub bölgəsinə səfər edib

Böyük Britaniya səfiri cənub bölgəsinə səfər edib

Sentyabrın 28-də Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olub. Karol Krofts Şimal-Cənub nəqliyyat dəhlizi ilə əlaqədar Astaradan İrana çəkilmiş beynəlxalq avtomobil və qatar yoluna, Azərbaycan və İran sərhədində, Astaraçay üzərində inşa edilmiş körpüyə baxıb, “Astaraçay” MMC-nin çay fabrikində istehsal prosesi və burada yaradılmış “Çay muzeyi” ilə yaxından tanış olub, rayon icra hakimiyyətinin başçısı və Britaniya konsulluğun əməkdaşlıq etdiyi ingilis dili müəllimi ilə görüşüb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev britaniyalı diplomata rayonun coğrafi mövqeyi, əhalisi, əhalinin məşğulluğu, rayonun sosial-iqtisadi inkişafı və kənd təsərrüfatının aparıcı sahələri barədə məlumat verib. İlk dəfə cənub bölgəsinə səfər etdiyini vurğulayan avropalı qonaq, səfərin məqsədinin regionla tanışlıq məqsədi daşıdığını bildirib.

Sonra səfir Britaniya konsulluğunun əməkdaşlıq etdiyi Astara şəhər 2 nömrəli tam orta məktəbin ingilis dili Kəmalə Nəsirova ilə görüşüb. Süfrə arxasında keçən görüşdə Kəmalə Nəsirova fəaliyyəti barədə məlumat verərək bildirib ki, altı ildir Azərbaycanda fəaliyyət göstərən AzETA-nın (İngilis Dili Müəllimləri Birliyi) cənub filialına rəhbərlik edir.

2014-cü ildə Təhsil Nazirliyinin və Britaniya konsulluğunun birgə həyata keçirdiyi “EGP” (“İngilis Dilinin Qlobal Məhsulları”) layihəsində onun rəhbərliyi ilə 12 şagirdin iştirak etdiyini vurğulayan K.Nəsirova bu ilin aprel ayında “İATEFL”in (Beynəlxalq İngilis Dili Müəllimləri Təşkilatı) Şotlandiyada keçirdiyi 51-ci konfransda iştirak etdiyini, tədbirdə keçirilən müsabiqədə 26 müəllimdən biri kimi təqaüd qazandığını diqqətə çatdırıb.

Səfir Karol Krofts gənc ingilis dili müəlliminə gələcək fəaliyyətində uğurlar arzulayıb. Britaniyalı diplomat sentyabrın 29-da Lənkəran rayonuna səfər edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə