YAP Yardımlı rayon təşkilatının IX konfransı keçirilib

YAP Yardımlı rayon təşkilatının IX konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yardımlı rayon təşkilatının IX konfransı keçirilib. Konfransda Milli Məclisin deputatı Mirkazım Kazımov, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Məcid Əhmədov və digər qonaqlar iştirak ediblər. Konfrans nümayəndələri və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri qoyublar.

Tədbirin rəsmi hissəsində YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir: “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür və hiss edir. Eyni zamanda bütün regionlarımızda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır. Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında idman, multikulturalizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrilib”.

M.Mirzəyev bildirib ki, hesabat dövründə YAP Yardımlı rayon təşkilatı konfranslararası dövr ərzində öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə