Milli Məclisin İqtisadi siyasət komitəsi Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmasını tələb edəcək

"Milli Məclisin plenar iclasında Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmaması ilə bağlı məsələ qaldıracağam". SİA-nın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildirib ki, layihə Milli Məclisin plenar iclasında II oxunuşdan keçsə də III oxunuş üçün müzakirəyə çıxarılmır.

"Buna səbəb nədir? Niyə müzakirəyə çıxarılmır? Bununla bağlı bir neçə dəfə məsələ qaldırmışıq. Buna baxmayaraq payız sessiyasının gündəliyinə Rəqabət Məcəlləsi daxil olmayıb. Əgər hər hansı bir məmur buna maneçilik törədirsə açıq etiraf etsinlər. Artıq 4 ildir ki, bu layihə fırlanır. Təklif edriəm ki, Rəqabət Məcəlləsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınsın. Mən bu haqda sentyabrın 30-da keçiriləcək plenar iclasda da tələb edəcəyəm",- deyə millət vəkili bildirib.

Məsələyə münasibət bildirən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə həmkarının fikirlərində böyük həqiqət olduğunu dilə gətirib. O deyib ki, Rəqabət Məcəlləsinin müzakirəyə çıxarılmaması ilə bağlı məsələyə aydınlıq gətirilməlidir.

Layihə ilə bağlı komitə üzvü Xanhüseyn Kazımlı da öz fikirlərini bildirib: "Elə qanunlar var ki, onlar olmasa da olar. Amma Rəqabət Məcəlləsi qəbul edilərsə digər qanunların da təsirini artıra bilər. Qanun zəruridir. Əgər layihə kimlərinsə təklifi əsasında geri qayıdıbsa bu aydınlaşdırılmalıdır. Qanun prezidentin imzası ilə Milli Məclisə təqdim olunubsa, yalnız onun tərəfindən də geri qaytarıla bilər. Kiminsə fikri ilə qayıdıbsa bu da açıqlanmalıdır. Bu vacib qanun olduğundan layihənin payız sessiyasına qədər müzakirəyə çıxarmaq imkanımız var".

Bütün xəbərlər Facebook səhifəmizdə