Hadı Rəcəbli: “Azərbaycan dövləti əlilliyi olan şəxslərin sosial müdafiəsinə hər zaman böyük diqqət göstərir”
Bu gün Milli Məclisdə BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyası üzrə Azərbaycan Respublikası Milli Məclisinin və YUNİCEF, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, Sosial Xidmətlər Təşəbbüsü qeyri-hökumət təşkilatının birgə Dəyirmi Masası keçirilib. SİA-nın xəbərinə görə, Dəyirmi Masanı giriş sözü ilə açan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycan dövləti əlilliyi olan şəxslərin sosial müdafiəsinə hər zaman böyük diqqət göstərir. Bu kontekstdə o, fiziki və əqli cəhətdən qüsurları olan uşaqların probleminə toxunub.
Bildirib ki, uşaq problemi daim dünyanın xüsusi diqqət mərkəzində olub. H.Rəcəbli Azərbaycan dövlətinin təkcə uşaqlarla yox, sosial durumu ağır olan təbəqələrlə daim iş apardığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyasını 2009-cu ildə ratifikasiya etməklə həm də üzərinə yeni vəzifələr və daha böyük bir məsuliyyət götürüb.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard isə vurğulayıb ki, Azərbaycan BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında konvensiyasını regionda ratifikasiya edən ilk ölkələrdəndir. O bildirib ki, əlillərin cəmiyyətə adaptasiyası üçün hökumət tərəfindən vacib işlər görülür.
M.Herevard əlillərlə bağlı aparılan işdə YUNİCEF-in Azərbaycan hökuməti, Heydər Əliyev Fondu ilə sıx işbirliyi qurduğunu da nəzərə çatdırıb.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqaz ofisinin rəhbəri Draqan Laloseviç də Azərbaycanın sözügedən konvensiyaya qoşulmasını yüksək qiymətləndirib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB