Daşkəsəndə rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib FOTOLAR
"Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirilir"
Bu gün Daşkəsən rayon icra hakimiyyətinin iclas zalında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, Təhsil Nazirliyinin nümayəndəsi Elxan Bəylərov və 200 nəfərdən çox rayon müəllimi iştirak edib. Konfrans iştirakçıları hörmət və ehtiram əlaməti olaraq ilk öncə rayon mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül qoyub, xatirəsini ehtiramla yad ediblər. Konfransı açıq elan edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev ilk öncə rayonun müəllimlərini və müəllim kollektivlərini rayon ictimaiyyəti adından salamlayıb və bütün təhsil işçilərini 2017-2018-ci dərs ilinin başlanması, qarşıdan gələn "Bilik Günü" münasibətilə təbrik edib: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın milli təhsil strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq yüksək səviyyədə davam etdirilir. Dövlətimizin Başçısı İlham Əliyevin uzaqgörən siyasəti, genişmiqyaslı quruculuq fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə ölkənin bütün sahələrində, eləcə də təhsil sahəsində qazanılmış nailiyyətlər hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə olan dərin inam hisslərini daha da gücləndirmişdir. Ölkə başçısının ali diqqət və qayğısı sayəsində respublikanın hər bir yerində olduğu kimi, Daşkəsən rayonunda da təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlər üçün normal iş şəraitinin yaradılması, onlarım maddi rifah halının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır".
Ə.Abiyev çıxışında onu da bildirib ki, son 6 ildə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən yeni ümumtəhsil məktəbləri tikilib istifadəyə verilmiş, bir çox təhsil müəssisəsi isə əsaslı və cari təmir edilmişdir: "Daşkəsən rayonunda ötən dərs ilində də tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılmasına dair görülən işlərin səviyyəsi daha geniş miqyas almışdır. Birmənalı olaraq bildirirəm ki, rayonumuzda təhsilin inkişafı üçün atılan addımlar ölkə Prezidentinin biz daşkəsənlilərin bu gününə və sabahına ali diqqət və qayğısının əyani göstəricisidir. Daşkəsən rayonunda təhsilin inkişafına, onun maddi-texniki bazasının gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğıya görə çox hörmətli möhtərəm cənab Prezident İlham Heydər oğlu Əliyevə bütün daşkəsənlilər adından bir daha da öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Məlumat üçün diqqətinizə çatdırım ki, hal-hazırda Daşkəsən rayonunda 42 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 26-sı tam orta, 14-ü ümumi orta, 2-si isə ibtidai məktəbdir. Ümumilikdə rayon üzrə təhsil müəssisələrində 580 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur. Həmin tədris müəssisələrinə 3 mindən artıq şagird cəlb olunmuşdur. Şagirdlərin təhsilə cəlb olunması, onların dərsliklərlə təminatı işi rayon icra hakimiyyəti və rayon təhsil şöbəsi tərəfindən daim diqqətdə saxlanılır".
Rayon icra hakimiyyətinin başçısı çıxışını davam etdirərəl qeyd edib ki, bütün peşələrə yiyələnməkdə müəllimlərin rolu danılmazdır: "Müəllimlik ən uca və bütün cəmiyyətlərə gərəkli olan bir sahədir. Heç də təsadüfi deyil ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyev müəllim adını həmişə uca tutaraq demişdir: "Mən Yer üzündə müəllim adından uca ad tanımıram. Ulu Öndər müəllim adının ucalığını qeyd etməklə yanaşı, övladlarımızın təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərimizin yorulmaz və fədakar əməyini də daim yüksək qiymətləndirmişdir. Hər birimizin həyatında müəllimlərin xüsusi rolu vardır. Müəllim adını müqəddəs tutaraq mən bir daha da Sizin hər birinizi qarşıdan gələn "Bilik Günü" münasibətilə təbrik edir, yeni dərs ilində rayonumuzun müəllim kollektivlərinə yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram".
Konfransda Daşkəsən təhsil şöbəsinin müdiri Zaur Məmmədov hesabat məruzəsi ilə çıxış edərək rayonun pedaqoji işçilərinin bu ilki ənənəvi sentyabr konfransı respublikamızın müstəqillik yolunda inamla addımladığı, təhsil islahatının uğurla həyata keçirildiyi, rayonumuzda abadlıq quruculuq işlərinin geniş vüsət aldığı bir dövrə təsadüf etdiyini bildirib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin iqtisadi qüdrəti durmadan yüksəlir, adamların maddi-rifah halı yaxşılaşır, vətənimizin beynəlxalq miqyasda şöhrəti artır. İndi Respublikamızın hər yerində tikinti-quruculuq işləri aparılır, hər bir şəhər və qəsəbədə istirahət guşələrinin yaradılmasına yeni mədəni və sosial obyektlərinin tikintisinə diqqət artırılmışdır. Ölkə başçısı Cənab İlham Əliyevin diqqət və qayğısı, həmçinin, Heydər Əliyev Fondunun dəstəyi ilə təhsil sahəsində köklü islahatlar aparılır, milli təhsilimiz inkişaf etmiş ölkələrin təhsilinə inteqrasiyası istiqamətində mühüm addımlar atılır".
Şöbə müdiri onu da vurğulamışdır ki, şagirdlərlə milli ideologiyanın formalaşdırılması, vətənpərvərlik hissinin gücləndirilməsi, onların Ulu Öndərimiz Heydər Əliyevin ideyaları ilə yaxından tanış olması və öyrədilməsi istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirilmişdir. Ötən dərs ilində Heydər Əliyev Mərkəzində rayonun bütün tam orta məktəblərinin XI sinif şagirdləri "Heydər Əliyev irsini öyrənirik" mövzusunda silsilə mühazirələr dinləmiş, Ulu Öndərimizin həyat və fəaliyyətini, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsini əks etdirən fotostendlər, arxiv sənədləri ilə yaxından tanış olmuşlar.
Z.Məmmədov qarşıda duran vəzifələrdən danışarkən qeyd etmişdir ki, təhsil sisteminin qarşısında duran əsas vəzifə təlim prosesinin səmərəliliyini təmin etməklə, milli və ümumbəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran, fəal və təşəbbüskar şəxsiyyətlər yetişdirməkdir: "Bu proses məktəblərdə dərslərin yeni təlim texnologiyaları ilə təşkilini, müəllimin özünün hazırlığını ön plana çəkir. Bu günün müəllimi ənənəvi metodlardan uzaqlaşmalı, yeni təlim texnologiyalarını dərindən mənimsəməli, şagirdləri düşünməyə, axtarmağa, nəticə çıxarmağa sövq etməlidir. Buna görə də hər bir müəllim dərslərə ciddi hazırlaşmalı, özündə informasiya bolluğu yaratmalı, peşəkarlıq səviyyəsini durmadan artırmalıdır. Məhz buna görə də rayon təhsil şöbəsi kadrların ixtisasının artırılması, pedaqoji işçilərin elmi-metodiki səviyyəsinin yüksəldilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Ötən tədris ilində rayonun ümumtəhsil məktəbləri müəllimlərinin seminarlara, treninqlərə, ixtisasartırma kurslarına cəlb olunması istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir. Təhsil Nazirliyinin əməkdaşları tərəfindən İ.Nəsimi adına 1 saylı tam orta məktəbində təşkil olunan seminarlarda rayonun bir qrup ibtida sinif və fənn müəllimi yeni təlim texnologiyaları ilə tanış olmuş, bu barədə təcrübə mübadiləsi keçirmişlər. Cari dərs ilində rayonun ümumtəhsil məktəbləri üzrə müxtəlif fənlər üzrə yaranmış 193 vakant yer müəllimlərin işə qəbulu qaydalarına uyğun olaraq müsabiqəyə çıxarılmışdır. Həmin vakant yerlərə 58 nəfər gənc müəllim test imtahanlarından keçmişdir. Təəssüf ki, onlardan 4 nəfəri işləməkdən imtina etmişdir".
Hesabat məruzəsi ətrafında Mollahəsənli kənd tam orta məktəbin direktoru Arzu Aslanov, A. Mürsəlov adına 2 saylı tam orta məktəbin müəllimi Duman Mahmudova, İ.Nəsimi adına 1 saylı tam orta məktəbin müəllimi Bahirə Qurbanova və Təhsil Nazırliyinin nümayəndəsi, psixologiya elmləri doktoru Elxan Bəylərov çıxış etmişlər. Çıxışlarda yeni dərs ilinin başlanması münasibətilə rayon müəllimlərini təbrik etmiş, ölkədə təhsil işçilərinə göstərilən yüksək diqqət və qayğıdan danışmış, bütün müəllimlərə uğurlar arzulamışlar.
Konfransda qərar qəbul olunmuş, ölkə Prezidentinə müraciət ünvanlanmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB