Xələf Xələfov Mərakeş parlamentinin nümayəndələri ilə görüşüb

Xələf Xələfov Mərakeş parlamentinin nümayəndələri ilə görüşüb

Xarici İşlər Nazirinin müavini Xələf Xələfov Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Sədri Əbdülvahed Radinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüş zamanı tərəflər iki ölkənin parlamentləri arasındakı sıx əlaqələrin mövcudluğu və hər iki dövlətin beynəlxalq təşkilatlar, xüsusilə BMT və İKT çərçivəsində, əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiriblər. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında siyasi dialoqun uğurla aparıldığını qeyd edən X.Xələfov, eyni zamanda, ikitərəfli iqtisadi münasibətlərin inkişafı üçün hər iki ölkədə geniş potensialın mövcudluğunu bildirib, əməkdaşlığın genişlənməsi üçün müştərək hökumətlərarası iqtisadi komissiyasının ilk iclasının keçirilməsinin vacibliyini vurğulayıb.

 

Enerji, tikinti, kənd təsərrüfatı, kommunikasiya, turizm və digər sahələrdə ölkələr arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyini qeyd edən X.Xələfov Azərbaycanın təcrübəsini nəzərə alaraq, neft kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlığın mümkünlüyünü vurğulayıb.

 

Öz növbəsində, Mərakeş parlamentinin nümayəndələr palatasının sədri Ə.Radi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin Mərakeş tərəfindən dəstəkləndiyini və bu dəstəyin gələcəkdə də davam edəcəyinə əmin olduğunu bildirib. Qonaq onlara göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Azərbaycan ilə Mərakeş arasında dini və tarixi köklərə əsaslanan mədəni əlaqələrin mövcud olduğunu qeyd edib.

 

Ə.Radi 2010-cu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan Mərakeşdə Azərbaycanın mədəniyyət günlərinin iki ölkə arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inandığını ifadə edib. Görüşdə Mərakeşin nümayəndə heyəti ilə iqtisadi, mədəniyyət sahələrində əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə