Ermənistanda ictimai-siyasi vəziyyət daha gərgin hal almağa başlayıb ANALİTİK
Erməni siyasi ekspertləri Sarkisyan rejiminə “od püskürməkdə” davam edirlər
Ermənistanda hakim Respublika partiyasının dövlət idarəçilik sisteminə qarşı artan narazılıqlar artmaqda davam edir. Belə ki, Serj Sarkisyanın istər daxili, istərsə də xarici siyasət baxımından ardıcıl səhvlərə yol verməsi, diplomatik uğursuzluqları və get-gedə Rusiyadan daha asılı hala düşməsi xalqın bu ölkəni kütləvi şəkildə tərk etməsi, həmçinin Ermənistanın müstəqilliyini itirməsi kimi qiymətləndirilir. Hətta Ermənistanın Rusiyanın forpostu olmasına rəğmən, Qərbə doğru meyllənməsinin də bu ölkəni və xalqı xilas etməyəcəyini vurğulayan erməni analitikləri və ekspertləri gələcəyə pessimist baxışlarnı nümayiş etdirirlər. SİA bir neçə erməni siyasi ekspertlərinin Ermənistanın birinci informasiya saytına (1in.am) verdikləri açıqlamalarını təqdim edir.
Artur Sakunts: “Sanki hakimiyyət bu cür siqnal verir”
“Əgər Putinin mövqeyi Ermənistanın maraqlarına qarşıdırsa, Ermənistanda elə bir siyasi güc yoxdur ki, vətəndaşlarına yaranan həmin təhlükənin qarşısını ala bilsin”. Bu fikiləri Helsinki vətəndaş assambleyasının Vanadzor ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts adıçəkilən erməni saytına müsahibəsində deyib. Onun sözlərinə görə baş verənlər onu təsdiq edir ki, Ermənistan müstəqil deyil: “Ermənistanda siyasi sistem baxımından müstəqil idarəçiliyə bağlı olacaq heç bir faktor yoxdur. Ermənistanın suverenliyi üçün bir nömrəli çağırış Putin deyil və bu barədə analitiklər də ekspertlər də danışırlar, ancaq hakimiyyət və siyasi sistem ümumiyyətlə, bu barədə heç nə demir. Bundan əlavə sonrakı məqamlarda da biz sözügedən mövzuda hakimiyyət tərəfindən heç bir ictimai fikirləri eşitməyəcəyik. Sanki hakimiyyət bu cür siqnal verir: “Yaxşı edirik, siz elə ölməlisiniz”.
Artur Sakunts əlavə edib: “Bu gün ölkədə elə bir mühit formalaşıb ki, əgər Putin istənilən mövzuda öz baxışını sərgiləyərsə vəə bu baxış ermənilərin maraqlarına cavab verməzsə belə, heç kim cınqırını çıxara bilməz”.
Gevoqr Melikyan: “Yaxşı olardı ki, insanlar Türkiyənin deyil, Ermənistanın parçalanması perspektivlərindən danışaydılar”
Digər erməni politoloqu, Ermənistanın beynəlxalq əlaqələr institunun eksperti Gevoqr Melikyan isə daxili siyasətlə yanaşı, xarici siyasətdə də kəskin fəsadlara yol verildiyini deyir, hadisələrin proqnozlarının doğru verilmədiyini bildirir. Belə ki, bu günlərdə Türkiyədə olduğunu və bu ölkənin siyasi dairələrinin Ermənistan barədə ümumiyyətlə narahatçılıq keçirmədiyini müşahidə etdiyini deyən Melikyana görə, əksinə, Ermənistanda tamamilə fərqli düşünürlər. Bu cür yanaşmalar isə fərqli olmaqla yanaşı, həm də doğru nəticələrə gətirib-çıxarmır. “Türkiyədə apardığım müzakirələrdən belə nəticəyə gəldim ki, Türkiyə üçün erməni-türk münasibətləri heç vaxt prioritet olmayıb, bu gün də eyni vəziyyət hökm sürür”.
Onun sözlərinə görə, hazırda Türkiyə üçün daha böyük və vacib məsələlər mövcuddur ki, onlar qarşısında erməni-türk münasibətləri heç nədir.
O, qeyd edir ki, Ermənistanın bu məsələdə yanaşması tamamilə yanlışdır: “...Əgər Türkiyə parçalanarsa, biz bundan səmərə əldə edəcəyik. Bu, çox primitiv yanaşmadır. Yaxşı olardı ki, insanlar Ermənistanın parçalanması perspektivlərindən danışaydılar. Çünki bu gün insanlar Türkiyədən fərqli olaraq Ermənistanı kütləvi şəkildə tərk edirlər. Bu, erməni tərəfinin sadəlöhvlüyünün nəticəsidir. Hamı oturub-gözləyir ki, hansı super dövlət Türkiyəni parçalamağa nail olacaq, ancaq bu düşüncələrdə qalsalar sabah Ermənistanın parçalanmasını heç kim sığortalaya bilməz”.
Göründüyü kimi, Serj Sarkisyanın xarici siyasəti də Ermənistanı necə deyərlər, yanı üzərində qoyub, bu isə ölkənin gələcəyinin yaxşılığa doğru getməsinə heç bir şərait yaratmır.
Yeqişe Petrosyan: “Görünən budur ki, onlar xalqın qanını ya gizli, ya da həyasızcasına açıq şəkildə sorurlar”
Digər erməni politoloqu Yeqişe Petrosyan isə bildirir ki, əgər sistem eynidirsə, şəxsiyyətlərin dəyişilməsi heç nəyi dəyişməyəcək: “Mən bu barədə demişdim, bu gün də sözlərimiz üzərində qalıram”.
“Kimsə zahirən cəlbedici görünə bilər, başqası çılğın danışan, ancaq belə bir vəziyyətdə bataqlıqda batan xalq üçün heç nə dəyişmir”, - deyə qeyd edən Yeqişe Petrosyan əlavə edib ki, hakimiyyətdə oturanların hər biri yalançıdırlar: “Mən onlara yalançı nəzəri ilə baxıram. Mənim üçün hakimiyyətdə kim hara getdi, kim haradan gəldi ümumiyyətlə maraqlı deyil. Görünən budur ki, onlar xalqın qanını ya gizli, ya da həyasızcasına açıq şəkildə sorurlar. Onlar öz əməllərini davam etdirməklə ölkənin inkişafının qarşısını almağa davam edərlərsə, bu zaman bizim mübarizə aparmaqdan başqa çarəmiz qalmır”.
Nəticə etibarilə fakt ortadadır və yuxarıda qeyd edilən fikirləri Ermənistanın demək olar ki, ən yanınmış politoloqları səsləndirirlər. Bu isə işğalçı ölkənin çox qısa zaman kəsimində süqutla uğraması anlamını daşıyır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB