Azərbaycan Prezidenti Özbəkistanda "Müstəqillik və humanizm" abidəsi ilə tanış olub

Azərbaycan Prezidenti Özbəkistanda "Müstəqillik və humanizm" abidəsi ilə tanış olub

Sentyabrın 27-də Özbəkistanda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti İslam Kərimov Daşkəndin mərkəzindəki Müstəqillik meydanı kompleksinə gəliblər. SİA-nın məlumatına görə, hərbi orkestrin ifasında həzin musiqinin sədaları altında Prezident İlham Əliyev burada ucaldılmış "Müstəqillik və humanizm" abidəsinin önünə əklil qoyub.

Özbəkistan Prezidenti İslam Kərimov Müstəqillik meydanı kompleksi, həmçinin abidə haqqında məlumat verib.

Bildirilib ki, 2005-ci ildə Özbəkistan Prezidenti İslam Kərimovun təşəbbüsü ilə ucaldılan bu abidə Özbəkistanın azadlığının, müstəqilliyinin və gələcəyinin rəmzidir. Abidədə körpəsini qucağında tutmuş xoşbəxt ana təsvir olunub. Daşkənd sakinlərinin ən sevimli istirahət yerlərindən biri olan bu meydandakı abidəni əsasən yeni ailə qurmuş gənclər ziyarət edirlər.

Kompleksə daxil olan digər abidələr haqqında da məlumat verən Prezident İslam Kərimov deyib ki, hər il mayın 9-da paytaxt sakinləri buradakı "Kədərli ana" abidəsinin qarşısına gül-çiçək dəstələri düzürlər.

Prezident İlham Əliyevə Müstəqillik meydanı kompleksində görülən işlər barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə