Son illər ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə məhkəmə, ədliyyə, o cümlədən penitensiar sistemdə aparılmış genişmiqyaslı islahatlar Ədliyyə Nazirliyinin kollegiya iclasında müzakirə olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda yeni qanunvericiliyə əsasən penitensiar müəssisələrin fəaliyyətini tənzimləyən "Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları"nın təkmilləşdirilməsinə zərurət yarandığı bildirilib.
Bununla əlaqədar Avropa Penitensiar Qaydaları, İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsi, BQXK və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin tövsiyələri nəzərə alınmaqla məhkumların hüquqlarının, o cümlədən təhlükəsizliyinin daha etibarlı təmin olunması, saxlanma şəraitinin beynəlxalq normalara uyğunlaşdırılması, islah işinin müasirləşdirilməsi, görüş imkanlarının və həvəsləndirmə tədbirlərinin genişləndirilməsi, məhkumların asudə vaxtlarını daha səmərəli keçirməsi və digər mühüm məsələlərə dair dəyişikliklər edilib. Əsaslı surətdə yeniləşmiş bu qaydalar kollegiyada hərtərəfli və geniş müzakirə olunaraq bəyənilib.
İclasda həmçinin məhkumlara göstərilən tibbi yardımla bağlı məsələlər müzakirə olunaraq, son illər tibb xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi çərçivəsində tibbi yardım və dərman təminatının yaxşılaşdırılması, müalicə müəssisələrinin yeni müasir tibbi avadanlıqlarla təchiz olunması qeyd edilib.
Vərəmlə mübarizə sahəsində BQXK ilə birgə 1995-ci ildən cəzaçəkmə müəssisələrində 10 mindən artıq məhkum müalicə olunmuş, vərəmin ən ağır və təhlükəli formalarının səmərəli müalicəsi aparılıb, nəticədə ölüm hallarının sayı 30 dəfə azalmış, məhkumlar arasında bu xəstəliyin səviyyəsi xeyli aşağı enib. Eyni zamanda ədliyyə orqanlarında şəffaflığın təmin olunması daim diqqətdə saxlanılaraq, tibb xidmətində vakant vəzifələrin zəruri peşə hazırlığına malik kadrlarla komplektləşdirilməsi məqsədilə 2004-cü ildən işə qəbul açıq müsabiqə yolu ilə aparılaraq 170 tibbi mütəxəssis qulluğa qəbul edilib. Həmin prosesdə aşkarlığı və səmərəliliyi artırmaq məqsədilə qəbulu həyata keçirən Müsabiqə Komissiyasının tərkibi genişləndirilərək bu işə aidiyyəti beynəlxalq və yerli qeyri-hökumət təşkilatların nümayəndələrinin cəlb olunması qərara alınıb.
İclasda həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB