NATO və Rusiya generallarının Bakı görüşü

NATO və Rusiya generallarının Bakı görüşü

Azərbaycanın beynəlxalq görüşlərdə təşəbbüskar rolunda çıxış etməsi bir daha ölkəmizin sülh və əminamanlıq məkanı olmasını təsdiqləyir

Bəlli olduğu kimi, paytaxt Bakıda NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə nazirinin müavini, ordu generalı Valeri Gerasimovla görüşü baş tutacaq. Görüşdən əvvəl isə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov ölkəmizdə səfərdə olan qonaqlarla görüş keçirib və bir daha vurğulanıb ki, Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq uğurla inkişaf etdirilməkdədir. Azərbaycanlı general Azərbaycan ilə NATO arasında səmərəli və etibarlı münasibətlərin qurulmasında Ümummilli Lider Heydər Əliyevin və dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib. Eləcə də digər əhəmiyyətli məqamlara toxunulan söhbətdən o da məlum olub ki, Azərbaycanın bu kimi görüşlərdə təşəbbüskar rolunda çıxış etməsi bir daha ölkəmizin sülh və əminamanlıq məkanı olmasını təsdiqləyir, eyni zamanda beynəlxalq aləmin mərkəzi rolunu oynayır. Əbəs yerə deyil ki, Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirən NATO generalı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün məhz Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Bakı hətta soyuq münasibətləri olan ölkələr, təşkilatlar və hərbi—siyasi dairələr arasında ən layiqli barışdırıcı təşəbbüskar kimi çıxış etməklə yanaşı, belə görüşləri ənənəyə çevirir

Digər tərəfdən, onu da qeyd edə bilərik ki, bənzər görüşlərin keçirilməsi Bakıda ilk dəfə reallaşdırılmır. Elə də uzaq olmayan tarixdə, bu ilin fevralında Bakıda - Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüş keçirilmişdi. Artıq vurğulaya bilərik ki, Bakı hətta soyuq münasibətləri olan ölkələr, təşkilatlar və hərbi—siyasi dairələr arasında ən layiqli barışdırıcı təşəbbüskar kimi çıxış etməklə yanaşı, belə görüşləri ənənəyə çevirir. Ümumiyyətlə, bu kimi görüşlərin baş tutması, məhz Azərbaycanın həlledici məqamlarda əsas mərkəz olduğunu kifayət qədər sübuta yetirmiş olur.

Azərbaycan həm NATO ilə əməkdaşlıq çərçivəsində, həm də Rusiya ilə yaxın münasibətlər qurmuş, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir

Bu baxımdan, sual oluna bilər ki, belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə, məhz Azərbaycan seçilib? Birmənalı şəkildə demək olar ki, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Azərbaycan həm NATO ilə əməkdaşlıq çərçivəsində, həm də Rusiya ilə yaxın münasibətlər qurmuş, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirir.

Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu balanslı siyasətinin nəticəsidir ki, istər Rusiyanın hərbi-siyasi dairələri, istərsə də NATO ilə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək əlaqələri sabit olaraq saxlanılmaqda davam edir. O da əbəs yerə deyil ki, hər iki hərbi mərkəz Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, Onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər.

Bakı görüşü NATO və Rusiya hərbi komandanlıqları arasında son illərdə baş tutan ən yüksək səviyyəli görüş kimi də tarixə düşmək ərəfəsindədir

Bakının sözügedən istiqamətdə mərkəz kimi seçilməsi, bütövlükdə isə Azərbaycanın beynəlxalq aləmdə oynadığı mühüm və müsbət mənadakı hərbi-siyasi platsdarm roludu alması da əslində çox mühüm bir hadisədir. Əks halda, NATO və Rusiyanın ali hərbi kontingent rəhbərləri görüş məkanı kimi Bakını deyil, başqa bir ölkənin paytaxtını seçə bilərdilər. Lakin seçim dayanacağının məhz Bakı olması Azərbaycanın regionda tutduğu mövqeyinin dünyada supergüclər tərəfindən yönəldilən siyasətə təkanverici güc olmasını kifayət qədər təsdiq edir.

Artıq sirr deyil ki, NATO və Rusiya generallarının görüşlərində dünyda cərəyan edən siyasi böhranlı vəziyyətin həlli istiqamətində fakir mübadilələri aparılacaq, mühüm qərarlar veriləcək. Beləliklə, Bakı görüşü NATO və Rusiya hərbi komandanlıqları arasında son illərdə baş tutan ən yüksək səviyyəli görüş kimi də tarixə düşmək ərəfəsindədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə